Birləşmiş Ştatların Donald Tramp administrasiyası Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk rabitəsi sisteminin fəaliyyətinə tətbiq edilən yeni sürət məhdudiyyətləri ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Bu barədə "Axios" nəşrinin nüfuzlu jurnalisti Barak Ravid amerikalı yüksəksəviyyəli rəsmilərə istinadən xəbər yayıb. Amerikalı yüksəksəviyyəli rəsmi şəxs jurnalistə açıqlamasında Tramp administrasiyasının "Starlink" şəbəkəsindəki məhdudiyyətlərlə heç bir aidiyyətinin olmadığını və Ağ Evin "SpaceX" şirkətinin daxili qərarlarını birbaşa idarə etmədiyini vurğulayıb.
Buna baxmayaraq, "Axios"un mənbələri Ukrayna rəhbərliyində və hərbi komandanlığında Vaşinqtonun bu addımda dolayısı ilə rolu olması ilə bağlı şübhələrin hələ də qaldığını bildirir. Məlumata görə, Prezident Volodimir Zelenskinin baş müşavirləri artıq Ağ Evdəki həmkarları ilə əlaqə saxlayaraq "Starlink"in fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılması barədə hər hansı siyasi qərarın verilib-verilmədiyini dəqiqləşdirməyə çalışıblar.
Ukrayna tərəfi yaranmış böhranlı vəziyyəti tez bir zamanda aradan qaldırmaq və cəbhədə rabitə kəsintilərinin düzəldilməsi üçün hansı addımların atılmalı olduğunu amerikalı tərəfdaşları ilə müzakirə edir.