Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır. Bu barədə ötən həftə prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
“2027-ci ildə Azərbaycanın MDB-də həmsədrliyi barədə qərarın dəstəklənməsinə görə təşəkkürümü bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın sübutu kimi dəyərləndiririk və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq", - dövlət başçısı qeyd edib.
Azərbaycan müstəqillik qazandıqdan sonra xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq əlaqələrin inkişafına və milli maraqların qorunmasına xüsusi əhəmiyyət verib. Bu baxımdan MDB çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Təşkilata sədrlik etmək ölkəyə üzv dövlətlər arasında dialoqun inkişaf etdirilməsi, iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi, eləcə də milli maraqların beynəlxalq səviyyədə təşviqi üçün əlavə imkanlar yaradır. Bu mənada 2028-ci ildə MDB sədrliyin Azərbaycana keçməsi həm siyasi-diplomatik, həm də geosiyasi və iqtisadi baxımdan əhəmiyyətlidir.
Ancaq maraqlıdır, MDB liderlərinin Bakıda yığıncağı olarsa, Rusiya prezidenti Putin və Ermənistan baş naziri Paşinyan ölkəmizə gələrmi, yoxsa videoformatda qoşulacaqlar?
Deputat Elşad Musayev Musavat.com-a açıqlayıb ki, Paşinyanın 2028-ci ildə Bakıya gələrək MDB sammitində iştirak etməsi prinsipcə mümkündür, amma bu, bir neçə siyasi və diplomatik şərtdən asılıdır.
Elşad Musayev qeyd edib ki, Paşinyan artıq 2028-ci ildə Azərbaycana gəlmək ehtimalını özü də dilə gətirib. Deputat yada salıb ki, 4 may 2026-cı ildə Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində o, 2028-ci ildə Bakıda təşkil olunması nəzərdə tutulan növbəti sammitdə iştirak etmək üçün Azərbaycana səfər edə biləcəyinə ümid etdiyini bildirib: “Düzdür, bu, MDB sammitindən ayrı tədbirdir. Odur ki, 2028-ci ildə Paşinyanın Bakıya səfəri üçün iki mümkün diplomatik platforma müzakirə oluna bilər: biri Avropa Siyasi Birliyinin sammiti — Paşinyanın səfər ehtimalını özü açıq şəkildə qeyd etdiyi tədbir.
Digəri MDB Dövlət Başçıları Şurasının sammiti — Azərbaycan sədrlik edər və iclası Bakıda keçirərsə, Paşinyanın iştirakı mümkün ola bilər. Lakin onun məhz MDB sammitində iştirak edəcəyini indidən təsdiqləmək olmaz. Bunun üçün sammitin Bakıda keçirilməsi barədə qərar, Ermənistanın iştirak mövqeyi və iki ölkə arasında münasibətlərin həmin vaxta qədər hansı səviyyədə olacağı həlledici amillərdir. 2028-ci ilə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Paşinyanın Bakıya gəlməsi ehtimalına ciddi diplomatik təsir göstərə bilər. Çünki rəsmi sülh münasibətlərin normallaşmasını sürətləndirə və yüksək səviyyəli görüşlər üçün daha əlverişli şərait yarada bilər. Amma vacib məqam budur ki, sülh müqaviləsi imzalansa belə, bu, Paşinyanın avtomatik olaraq Bakıya gələcəyi demək deyil".
Deputatın sözlərinə görə, Azərbaycanın əsas şərtlərindən biri Ermənistan Konstitusiyasında ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların aradan qaldırılmasıdır: "Bu məsələ yekun sazişin imzalanmasına mane olan əsas mövzulardan biri kimi göstərilib: "Əgər 2028-ci ilə qədər sülh sazişi imzalansa, onun icrası istiqamətində də irəliləyiş olsa və münasibətlər normallaşmağa davam etsə, Paşinyanın Bakıya MDB sammiti üçün gəlməsi diplomatik baxımdan daha əsaslı ssenariyə çevrilər. Lakin yekun qərar həm sammitin təşkilati məsələlərindən, həm də iki ölkənin siyasi mövqeyindən asılı olacaq. Ancaq bu addımlar həm də qarşılıqlı ola bilər. Əgər sülh müqaviləsi imzalansa, iki ölkə arasında etimad mühiti yaransa, cənab İlham Əliyevin də İrəvanda keçirilən beynəlxalq tədbirlərin birində iştirakı istisna deyil. Lakin bir daha qeyd edirəm ki, hadisələrin inkişafı, nəticəsi, münasibətlərin gedişatı, regionda cərəyan edən geosiyasi proseslər buna təsir edəcək. 2028-ci ilə qədər dünyada və bölgəmizdə bir çox hadisələr yaşana bilər. O baxımdan əminliklə danışmaq, konkret proqnoz vermək olduqca çətindir".