44 günlük müharibədən sonra Azərbaycanla sərhədin yaxınlaşması Ermənistanın Kornidzor kəndində maldarlıqla məşğul olan sakinlərin həyatına ciddi təsir edib.
Musavat.com xəbər verir ki, Kornidzor kəndində yaşayan ermənilərlə bağlı hazırlanan reportaja görə, kənd sakinlərinin əvvəllər istifadə etdikləri otlaq sahələri artıq onların ixtiyarında deyil. Mal-qaranı alınan yemlə saxlamaq isə kəndlilər üçün baha başa gəlir.
Kənd sakini Meri Akopyanın əvvəllər Laçın ərazisində otarılan çoxsaylı mal-qarasından indi cəmi 3 inək qalıb. Bildirilir ki, kənddə heyvandarlıqla məşğul olan ailələrin əksəriyyətində oxşar vəziyyət yaranıb.
Kənd sakini Nataşa Danielyan bildirib ki, əvvəllər mal-qaranı otarmaqda problem yaşamayıblar:
“Qarabağ işğalımızda olanda mal-qaranı heç bir problem olmadan otarırdıq. İndi isə inəklərimizi satmağa məcbur olduq, çünki onları çölə çıxarmağa qorxurduq. Bizim kənddə olmasa da, qonşu kəndlərdə ətraf yüksəkliklərdə mövqe tutan azərbaycanlıların mal-qaranı apardıqları hallar olub. İnsanlar artıq mal-qara saxlamağa qorxurlar”.
Bu etiraf faktiki olaraq Ermənistanın Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalından necə iqtisadi məqsədlərlə istifadə etdiyini də göstərir. İşğal illərində Laçın, Kəlbəcər, Cəbrayıl və digər Azərbaycan rayonlarının geniş otlaq və biçənək sahələrindən Ermənistanın sərhədyanı kəndlərinin mal-qarasının saxlanılması üçün istifadə olunurdu. Meşələr və digər təbii sərvətlər də istismar edilirdi.
Bunun miqyası Ermənistan mənbələrinin müharibədən sonra açıqladığı rəqəmlərdə də görünür. Ermənistan tərəfinin rəsmilərinin açıqlamalarında 44 günlük müharibədən sonra onların istifadə etdikləri əkin sahələrinin 75 faizdən çoxunun, otlaq sahələrinin isə 80-85 faizinin əllərindən çıxdığı bildirilirdi. Mal-qaranın sayı da 50 faizdən çox azalmışdı.
Ermənistanın Teğ kəndindən verilən açıqlamalar isə vəziyyətin daha bir maraqlı tərəfini üzə çıxarmışdı. Kənd rəhbərliyi sakinlərin əvvəllər heyvanlarını otarmaq üçün Azərbaycan ərazisindəki Cəbrayıla qədər apardıqlarını açıq etiraf etmişdi. Azərbaycan torpaqları azad edildikdən sonra otlaqsız qalan kənddə mal-qaranın 70 faizinin satıldığı bildirilmişdi.
Beləliklə, Kornidzordakı hazırkı vəziyyət ayrıca bir kəndin problemi deyil. Azərbaycan torpaqlarının işğalı dövründə Laçın, Kəlbəcər, Cəbrayıl və digər rayonların geniş və məhsuldar yaylaq-otlaq sahələrindən istifadə edən təsərrüfatlar həmin imkanlardan məhrum olublar. Azərbaycan Ordusu öz ərazilərinə nəzarət edir və Ermənistan vətəndaşlarının özlərinə məxsus olmayan Azərbaycan torpaqlarında mal-qara otardığı dövr artıq başa çatıb.
Reportajda Kornidzorun digər əsas problemlərindən birinin işsizlik olduğu qeyd edilir. Rəsmi məlumatlara görə, kənddə 1239 sakin qeydiyyatdadır, faktiki yaşayanların sayı isə təxminən 1000 nəfərdir.
Hazırda Kornidzorda yeni böyük məktəb tikilir. Lakin yerli sakinlər kənddə məktəblə yanaşı, iş yerləri yaradacaq zavodun açılmasını daha çox istədiklərini bildirirlər.