
2027-ci ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4914,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2026-cı illə müqayisədə 41.0 milyon manat və ya 0,8 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 359,8 milyon manat ve ya 7,9 faiz çoxdur.
“Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,6 faiz təşkil edəcək.
2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclər 632,5 milyon manat və ya 14.8 faiz artıb. Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2027-ci ilin dövlət büdcəsinin layihəsində 2850,2 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 99.2 milyon manat və ya 3,6 faiz çoxdur.
2027-ci il üçün nəzərdə tutulmuş sosial müdafiə və sosial təminat xərclərindən əhaliyə yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Prezidentinin təqaüdlərinin, müvafiq kateqoriyadan olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması xərclərinin maliyyələşdirilməsi üçün 2247,0 milyon manat, ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 470.0 milyon manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 133,2 milyon manat vəsait proqnozlaşdırılıb.
Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 289,4 milyon manat, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 257,3 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 14,6 milyon manat, digər tədbirlər üçün isə 17,5 milyon manat vəsait nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə 2027-ci il dövlət büdcəsində 1600,0 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitin Fondun xərclərinin tərkibində xüsusi çəkisi 17,3 faiz təşkil edəcək.
