İyulun 30-da Polşanın Lyublin voyevodalığında hücum xəbərdarlığından sonra hüquq-mühafizə orqanları naməlum obyektin düşmə yerini aşkar ediblər.
Bu barədə "BNO News" nəşri məlumat yayıb.
Polşanın şərqində hava həyəcanı Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu zamanı bir və ya iki raketin ölkənin hava məkanına daxil ola biləcəyi barədə məlumatlar fonunda elan edilib.
Buna baxmayaraq, Polşa hakimiyyəti hələlik hava məkanının pozulması faktını rəsmən təsdiqləməyib. Sosial şəbəkələrdə regionun müxtəlif yerlərində hava həyəcanı səslərinin eşidildiyi videolar sürətlə yayılır.
Lyublin voyevodasının nümayəndəsi Martsin Bubiç bildirib ki, hakimiyyət orqanları hava zərbəsi təhlükəsi ilə bağlı məlumatı birbaşa Polşanın Hökumət Təhlükəsizlik Mərkəzindən alıb.
Hələ hava xəbərdarlığı elan olunmazdan əvvəl Polşa hərbçiləri Rusiyanın uzaqmənzilli aviasiyasının Ukrayna ərazisinə zərbələr endirməsi səbəbindən ölkənin hava məkanında qırıcıların və uzaq radarlarla təchiz olunmuş kəşfiyyat təyyarələrinin fəaliyyət göstərdiyini bildirib.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatına görə, yerüstü hücumdan müdafiə sistemləri və radiolokasiya vasitələri də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Hava həyəcanı zamanı sakinlərin güclü partlayış səsləri eşitdiyi bildirilir. Bir qədər sonra Tarnava-Koloniya kəndi yaxınlığındakı sahədə naməlum obyektin düşməsi nəticəsində yarandığı ehtimal edilən böyük dəlik (krater) aşkar olunub.
Hadisə yerinə dərhal xilasedicilər və polis cəlb olunub. Dövlət Yanğınsevmə Xidmətinin Lyublin üzrə sözçüsü Tomaş Staxira bildirib ki, xüsusi xidmət orqanları ərazini mühafizəyə götürüb və təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, Rusiya iyulun 30-na keçən gecə Ukraynanın müxtəlif vilayətlərinə yenidən kütləvi raket zərbələri endirib. Hücumlar nəticəsində Lvov şəhəri vurulub, onlarca dinc sakinin yaralandığı bildirilir.