Körfəz Əməkdaşlıq Şurasına daxil olan fəal ərəb dövlətləri (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman) Bəhreyndə keçirilən "Bəhreyn Qalxanı" birgə hərbi təlimlərində iştirak edirlər.
Bu barədə "Independent" nəşri məlumat yayıb.
Bəhreyn Ordusunun Baş Qərargah rəisi, general-leytenant Ziyab bin Saqr ən-Nueymi bildirib ki, hərbi təlimlərin əsas məqsədi döyüş hazırlığını artırmaq, əməliyyat planlamasını təkmilləşdirmək və region ölkələrinin silahlı qüvvələri arasında koordinasiyanı gücləndirməkdir.
Generalın sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurasının bütün üzvlərinin bu manevrlərdə iştirak etməsi müxtəlif çağırışlara və təhdidlərə qarşı durmağa qadir olan qüdrətli, birləşmiş hərbi qüvvənin formalaşdığını göstərir. O, həmçinin vurğulayıb ki, regionda son zamanlar baş verən hadisələr birgə müdafiə sisteminin daha da möhkəmləndirilməsini və ehtimal olunan təhlükələre vahid cavab verilməsini zəruri edib.