Evdə elektrik enerjisini ən çox hansı cihazın sərf etdiyi ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb. Məlum olub ki, ən böyük enerji istehlakçısı soyuducu, paltaryuyan maşın və ya soba deyil, termosifondur.
Mütəxəssislərin hesablamalarına görə, 100 litrlik standart bir termosifon ailə üzvlərinin sayından və istifadə intensivliyindən asılı olaraq ildə orta hesabla 2200-2900 kilovat-saat (kWh) elektrik enerjisi sərf edir. Bu göstərici onu bir çox məişət cihazlarından daha çox enerji istehlak edən avadanlığa çevirir.
Araşdırmada qeyd olunur ki, soyuducu günün 24 saatı işləməsinə baxmayaraq, müasir kompressor texnologiyaları sayəsində illik enerji sərfiyyatı termosifondan daha aşağıdır. Paltaryuyan maşınların illik istehlakı isə cəmi bir neçə yüz kWh səviyyəsində qalır. Sobalar da qısa müddətli istifadə olunduğu üçün siyahının son sıralarında yer alır.
Mütəxəssislər bildirirlər ki, termosifonların yüksək enerji sərf etməsinin əsas səbəbi onların uzun müddət fasiləsiz işləməsidir. Bundan əlavə, suyun tərkibindəki əhəng cihazın enerji istehlakını daha da artırır. Rezistansın üzərində toplanan əhəng qatı istiliyin suya ötürülməsini çətinləşdirir və nəticədə cihaz eyni temperaturu əldə etmək üçün daha uzun müddət işləməli olur. Bu isə elektrik xərclərinin artmasına səbəb olur.
Ekspertlər enerji sərfiyyatını azaltmaq üçün termosifonların mütəmadi texniki baxışdan keçirilməsini və əhəng təmizliyinin vaxtında aparılmasını tövsiyə edirlər.