
Batumidə hüquq-mühafizə orqanlarının əməkdaşları Türkiyənin "Beşiktaş" futbol klubunun İsrailin "Hapoel Be'er Şeva" klubuna qarşı Avropa Liqası oyununu izləməyə gələn azarkeşləri arasında baş verən iğtişaş zamanı 16 nəfəri saxlayıb.
Məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında yer alıb. Gürcüstan DİN toqquşmalarda üç polis əməkdaşının yaralandığını iddia edir.
Qeyd edək ki, dünən Batumidə "Beşiktaş" və "Hapoel Be'er Şeva" komandaları arasında oyun keçirilib. DİN bəyan edir ki, oyun başlamazdan əvvəl də polislə "Beşiktaş" azarkeşləri arasında toqquşma baş verib. Birinci hissənin ortalarında isə stadionda "Beşiktaş" azarkeşlər bölməsində iğtişaş baş verib və polis güc tətbiq edib. Oyun təxminən yarım saat dayandırılıb: "Daxili İşlər Nazirliyinin üç əməkdaşı azarkeşlərin zorakı hərəkətləri nəticəsində yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərə görə 16 nəfəri saxlayıblar".
Nazirlik qeyd edib ki, bəzi "Beşiktaş" azarkeşləri stadiona gedərkən təxribatçı davranışlar sərgiləyiblər. Onlar ədəbsiz sözlər qışqırıblar, müxtəlif əşyalar atıblar və polisə müqavimət göstəriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, oxşar hərəkətlər stadionun içərisində də davam edib. Azarkeşlər stadion infrastrukturuna zərər vurub, polis əməkdaşlarına skamya atmağa başlayıblar. Məlumata görə, polis asayişi qorumaq üçün müxtəlif vasitələrindən istifadə edib. Bildirilir ki, oyunu izləmək üçün Batumiyə 15 mindən çox “Beşiktaş” azarkeşi gedibmiş.
