SON DƏQİQƏSON
dunya

Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”

Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”


Yaxın Şərqdə və Cənubi Qafqazda yeni geosiyasi arxitekturanın qurulduğu, sərhədlərin və kimliklərin yenidən masaya yatırıldığı bir dövrdə bəzən ən sərt ideoloji mifologiyaları tək bir etiraf dağıdır. Keçmiş HDP millət vəkili Altan Tanın Diyarbakırın tarixi adı və etnik-mədəni kimliyi ilə bağlı gündəmə gələn açıqlamaları məhz bu qəbildəndir. Onilliklər boyu siyasi konyunktura naminə vahid və “təkölçülü” kimlik laboratoriyasına çevrilmək istənən bu qədim şəhərin əsl siması artıq daxildən gələn səslərlə etiraf olunur.

Tarixi coğrafiyada şəhər adlarının dəyişdirilməsi və ya onlara süni etimoloji don geyindirilməsi hər zaman ideoloji işğalın ilkin mərhələsi olub. Altan Tanın “Amed” adının kürdcəyə heç bir aidiyyəti olmadığını, qədim süryani dilindəki “Omid” (Amid) sözündən gəldiyini bəyan etməsi əslində illərdir aparılan siyasi təbliğatın üzərindən xətt çəkir.

Tarixi xronikalara və akademik mənbələrə nəzər saldıqda mənzərə tam aydınlaşır. Antik və erkən orta əsrlər dövründə şəhər Assuriya və Roma qaynaqlarında Amida, süryani mətnlərində isə Omid kimi keçir. VII əsrdə İslam fəthlərindən sonra bölgədə məskunlaşan Bəkr tayfasının adı ilə şəhər Diyar-i Bəkr adlanmağa başlayıb. XI əsrdən — Səlcuqluların, ardınca Artuqlular, Ağqoyunlular və Səfəvilərin hakimiyyəti dövründən isə şəhər bütün Şərqin siyasi və mədəni xəritəsinə türk-müsəlman kimliyi ilə həkk olunub.

– Bəs necə oldu ki, min illik “Amid” və “Diyarbakır” adı XX əsrin sonlarında siyasi layihənin alətinə çevrildi?

– Cavab sadədir: tarixi yaddaşı silmək və regionun çoxqatlı türk-islam mirasını monoetnik çərçivəyə sıxışdırmaq üçün.

Altan Tanın çıxışındakı ən həlledici və tarixi baxımdan isbatlı məqam isə 1970-ci illərə qədər Diyarbakırın mərkəzində — tarixi Sur içi bölgəsində Azərbaycan türkcəsinə yaxın bir ləhcənin hakim olması ilə bağlı etirafıdır.

Əslində dilçilik və etnoqrafiya elmi üçün bu, yeni kəşf deyil, sadəcə uzun müddət siyasi səbəblərdən üzəri örtülən faktdır. Diyarbakır ağzı (ləhcəsi) fonetik, morfoloji və leksik baxımdan İstanbul türkcəsindən daha çox Azərbaycan türkcəsinə — xüsusən Təbriz, Bakı və Kərkük şivələrinə söykənir. Bunun arxasında isə dərin tarixi-siyasi reallıq dayanır.

Birincisi, Ağqoyunlu və Səfəvi mirası. Uzun Həsənin paytaxt etdiyi Diyarbakır (Amid) XV–XVI əsrlərdə Azərbaycan türkcəsinin həm saray, həm də şəhər mədəniyyəti dili olduğu əsas mərkəzlərdən biri idi. Şah İsmayıl Xətainin və böyük Azərbaycan şairi Məhəmməd Füzulinin bəsləndiyi o coğrafi-mədəni arealın mərkəzi xətti məhz Təbriz–Diyarbakır–Bağdad üçbucağından keçirdi.

İkincisi, şəhərli kimliyi. Tarixən Diyarbakırın qala divarları daxilində (Sur içi) yaşayan yerli əhali — sənətkarlar, tacirlər, ziyalılar əsrlər boyu məhz bu Oğuz-Azərbaycan türkcəsində danışıb və yazıb-yaradıblar. 1970-ci illərdən sonra sürətlənən daxili miqrasiya və demoqrafik dəyişikliklər şəhərin mərkəzindəki dil mənzərəsini dəyişsə də, etnik-mədəni kodu tamamilə silə bilmədi.

Altan Tanın bu etirafı regionda aparılan ideoloji mübarizə baxımından mühüm bir dönüş nöqtəsidir. Kənardan cızılan xəritələr və uydurulan tarix kitabları həyatın öz reallığı qarşısında aciz qalır. Diyarbakır nə monoetnik bir qala, nə də tarixdən qoparılmış süni bir siyasi layihənin mərkəzidir; bura əsrlər boyu Azərbaycan türkcəsinin səsləndiyi, Ağqoyunlu və Səfəvi möhürünün vurulduğu qədim türk-islam şəhəridir.

Tarixi saxtalaşdırmaq olar, amma xalqın dil yaddaşını və daşlara həkk olunmuş keçmişini əbədi gizlətmək mümkün deyil.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU