SON DƏQİQƏSON
dunya

Tələbələr 14 illik iqtidara son qoydu - Hakimiyyət müxalifətə keçir

Tələbələr 14 illik iqtidara son qoydu - Hakimiyyət müxalifətə keçir


Serbiyada oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi həyatında ciddi dəyişikliklə nəticələnib.

Musavat.com xəbər verir ki, baş nazir postuna namizəd olan Aleksandar Vuçiç rəhbərlik etdiyi siyasi qüvvənin seçkiləri uduzduğunu etiraf edib.

Vuçiç bunu Serbiya Tərəqqi Partiyasının Belqraddakı seçki qərargahında, səsvermə başa çatdıqdan sonra açıqlayıb.

“Yekun nəticələr hələ əlimizdə deyil. Lakin əldə olunan məlumatlar əsasında aydındır ki, biz bu seçkiləri uduzmuşuq”, – deyə Vuçiç bildirib.

Onun sözlərinə görə, tələbə etirazları əsasında formalaşmış müxalifətin “Tələbə siyahısı” seçki bloku 250 yerlik parlamentdə 135–140 mandat, hakim siyasi qüvvə isə 105 mandat qazana bilər.

İlkin nəticələrə əsasən, müxalifət parlamentdə mütləq çoxluğu əldə etmək imkanına malikdir. Vuçiçin məğlubiyyətini etiraf etməsindən sonra Belqradda və Serbiyanın digər şəhərlərində müxalifət tərəfdarları küçələrə çıxaraq qələbəni qeyd etməyə başlayıblar.

Siyasi böhran 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayan kütləvi tələbə etirazlarının fonunda dərinləşib. Etirazçılar faciəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını və korrupsiyaya qarşı tədbirlərin gücləndirilməsini tələb edirdilər.

2012-ci ildən Serbiya siyasətində üstün mövqeyə malik olan Vuçiç 2026-cı il sentyabrın 27-də prezident vəzifəsindən istefa verərək baş nazir postu uğrunda mübarizəyə qoşulub. Sentyabrın 28-də prezident səlahiyyətlərini parlamentin sədri Ana Brnabiçə təhvil verib.

Aleksandar Vuçiç kimdir?

Aleksandar Vuçiç 1970-ci il martın 5-də Serbiyanın paytaxtı Belqradda anadan olub. Belqrad Universitetinin hüquq fakültəsini bitirib.

Siyasi fəaliyyətinə 1993-cü ildə Serbiya Radikal Partiyasında başlayıb. Həmin il parlament deputatı seçilib. O, siyasi karyerasının ilk illərində serb millətçi siyasətinin tanınmış nümayəndələrindən biri olub.

1992–1995-ci illərdə Bosniya müharibəsi zamanı Vuçiçin fəaliyyəti də ciddi mübahisələrə səbəb olub. O, Bosniya serblərinin nəzarətindəki ərazilərdə olub, Pale şəhərində serb televiziyası ilə əlaqəli fəaliyyət göstərib.

Vuçiç 1995-ci il iyulun 20-də, Srebrenitsada minlərlə bosniyalı müsəlmanın qətlə yetirilməsindən bir neçə gün sonra Serbiya parlamentində belə bəyanat verib: “Bir serbi öldürsəniz, biz 100 müsəlmanı öldürəcəyik”.

Bu çıxış onun siyasi keçmişinin ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib.

1995-ci ildə Sarayevo ətrafındakı serb mövqelərinə səfərini əks etdirən videogörüntülər də sonradan mübahisələrə səbəb olub. Görüntülərdə Vuçiç radikal serb siyasətçisi Voyislav Şeşellə birlikdə görünür.

1998–2000-ci illərdə Slobodan Miloşeviçin hakimiyyəti dövründə Serbiyanın informasiya naziri vəzifəsini tutub. Bu dövrdə müstəqil mətbuata qarşı sərt məhdudiyyətlər tətbiq edilib.

2008-ci ildə Tomislav Nikoliçlə birlikdə Serbiya Tərəqqi Partiyasının yaradılmasında iştirak edib. 2012-ci ildə müdafiə naziri və baş nazirin birinci müavini təyin olunub.

2014–2017-ci illərdə Serbiyanın baş naziri olub. 2017-ci ildə prezident seçilib, 2022-ci ildə ikinci dəfə bu vəzifəyə seçilib.

2015-ci ildə Srebrenitsa qətliamının 20-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edərkən etirazçıların hücumuna məruz qalıb.

Vuçiç hakimiyyəti dövründə Rusiya ilə münasibətləri qorumağa, eyni zamanda Serbiyanın Avropa İttifaqına inteqrasiyası istiqamətində danışıqları davam etdirməyə çalışıb. Kosovonun müstəqilliyinin tanınmasına qarşı çıxıb.

Vuçiçin hakimiyyəti dövründə Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri güclənib. İki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Serbiya Azərbaycanın Qarabağla bağlı mövqeyinə, Azərbaycan isə Serbiyanın Kosovo məsələsində mövqeyinə dəstək verib. Enerji, xüsusilə Azərbaycan qazının Serbiyaya tədarükü, eləcə də müdafiə sənayesi, investisiya və iqtisadi əməkdaşlıq əlaqələrin əsas istiqamətlərindən olub.
Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU