ABŞ qoşunlarının İraqdan çıxarılması qərarı ölkənin şimalındakı muxtar Kürdüstan regionunda ciddi narahatlıq yaradıb. Regionun baş naziri Məsrur Bərzani Amerika hərbçilərinin gedişindən sonra kürdlərin raket və pilotsuz uçuş aparatlarının hücumları qarşısında müdafiəsiz qala biləcəyini bildirib.
Xarici agentliklər xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti məlumat yaytıb.
Məsrur Bərzani müsahibəsində ABŞ qoşunlarının İraqdan çıxarılmasını biabırçı addım adlandırıb.
“Təhlükə realdır. Biz müdafiəsizik, bizə hücum edirlər. İndi müvafiq müdafiə sistemi olmadan təkbaşına qalmağımız biabırçılıqdır”, – deyə Bərzani bildirib.
Onun sözlərinə görə, İraq Kürdüstanının hakimiyyəti müstəqil şəkildə hava hücumundan müdafiə sistemləri ala bilmir. Belə silahların alınması səlahiyyəti yalnız Bağdaddakı mərkəzi hökumətə məxsusdur.
ABŞ qoşunlarının İraqdan çıxarılması prosesinin sentyabrın 30-da başa çatdırılması nəzərdə tutulur. Bununla bağlı razılaşma 2024-cü ildə əldə edilib.
Bərzaninin sözlərinə görə, fevralın 28-dən bəri İraq Kürdüstanı İran və İraq daxilindəki silahlı qruplaşmalar tərəfindən mindən çox raket və pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. Hədəflər arasında Ərbildə yerləşən, ABŞ və Almaniya hərbçilərinin də istifadə etdiyi hərbi baza, eləcə də Bərzaninin öz ofisi olub.
ABŞ hərbçiləri indiyədək bu hücumların bir qisminin qarşısını ala biliblər. Lakin onların bölgəni tərk etməsi ilə hava hücumundan müdafiə imkanlarının zəifləyəcəyi barədə narahatlıq artır.
Vaşinqton isə İraqın təhlükəsizlik qüvvələrinin, o cümlədən kürd peşmərgələrinin imkanlarının genişləndiyini bildirir. Bağdad hökuməti də ölkənin hava məkanının, o cümlədən Kürdüstan regionunun müdafiəsi üçün yeni sistemlərin alınması istiqamətində danışıqlar aparır.
Bərzani vurğulayıb ki, regionun təhlükəsizliyi ilə bağlı problemlər həll edilmədən beynəlxalq qüvvələrin çıxarılması ciddi risklər yaradır.
Qeyd edək ki, müsahibə yayımlandıqdan sonra İraq Kürdüstanı hökuməti Financial Times qəzetinin başlığının və təqdimatının Bərzaninin mövqeyini düzgün əks etdirmədiyini açıqlayıb. Baş nazirin ofisi dəqiqləşdirib ki, onun əsas etirazı ABŞ qoşunlarının çıxarılmasının özünə deyil, Kürdüstan regionunun müvafiq hava hücumundan müdafiə sistemləri olmadan tək buraxılmasına yönəlib. Hökumət nəşrdən materiala düzəliş etməyi tələb edib.