Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.
“Qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlət başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.
Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edilib.
ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulanıb.
Görüşdə mədəniyyətlərarası dialoqa toxunulub, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirib.

