BMT məlumatlarına görə, ölkəmizdə əhalinin 0-14 yaş qrupunun payı 21,8 faiz, 60 yaş və yuxarı insanların payı isə 14,2 faiz olub...
Azərbaycanda əhali artımının əsas dayaqlarından biri olan təbii artım son illərdə nəzərəçarpacaq dərəcədə zəifləyir. Doğulan uşaqların sayı azalır, digər tərəfdən ölüm halları artır. Bu iki prosesin eyni vaxtda baş verməsi isə demoqrafik vəziyyəti daha da mürəkkəbləşdirir.
2026-cı ilin ilk altı ayının statistikası vəziyyətin miqyasını aydın göstərir. Bu müddətdə Azərbaycanda 40 798 uşaq doğulub. 2025-ci ilin eyni dövründə isə doğulanların sayı 45 616 nəfər olub. Beləliklə, cəmi bir il ərzində doğumların sayı 4 818 nəfər və ya 10,6 faiz azalıb. Hər 1000 nəfərə düşən doğum göstəricisi də 9-dan 8-ə enib.
Eyni vaxtda ölüm hallarında əks istiqamətdə dəyişiklik müşahidə olunub. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 30 625 nəfər vəfat edib. Ötən ilin eyni dövründə bu göstərici 29 400 nəfər idi. Deməli, ölüm sayı bir il ərzində 1 225 nəfər və ya 4,2 faiz artıb. Hər 1000 nəfərə düşən ölüm göstəricisi isə 5,8-dən 6,0-a yüksəlib.
Məlum olduğu kimi, demoqrafik təhlükəni ən aydın göstərən göstəricilərdən biri təbii artımdır. Yəni ölkədə doğulanlarla ölənlər arasındakı fərq. 2025-ci ilin ilk altı ayında Azərbaycanda doğulanların sayı ölənlərdən 16 216 nəfər çox idi. 2026-cı ilin eyni dövründə isə bu fərq cəmi 10 173 nəfər olub. Bu, bir il ərzində təbii artımın 6 043 nəfər və ya 37,3 faiz azalması deməkdir. Yəni Azərbaycan hələlik təbii artım göstərən ölkə olaraq qalır, lakin həmin artımın sürəti kəskin şəkildə zəifləyir. Ekspertlər bildirir ki, əgər bu tendensiya uzun illər davam edərsə, növbəti mərhələdə doğumlarla ölümlər arasındakı fərq daha da kiçilə, müəyyən dövrdən sonra isə təbii azalma yarana bilər. Və bu, demoqrafik keçidin ən təhlükəli mərhələlərindən biridir.
Demoqrafik proseslərin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu gün baş verən dəyişikliklərin nəticələri dərhal görünmür. Məsələn, bu gün daha az uşağın doğulması 10-15 ildən sonra məktəblərdə şagird sayının azalması, 20 ildən sonra əmək bazarına daxil olan gənclərin sayının azalması, daha sonrakı mərhələdə isə pensiya sisteminə düşən yükün artması deməkdir. Yəni demoqrafiya əslində ölkənin gələcək iqtisadiyyatının xəritəsidir. Bu səbəbdən doğumların azalmasını yalnız ailə məsələsi kimi qiymətləndirmək düzgün olmaz. Məsələ dövlətin iqtisadi və sosial siyasətinin gələcək nəticələrinə qədər uzanır.
Statistika həm də onu göstərir ki, Azərbaycan artıq əhalinin qocalması mərhələsinə daxil olur. Belə ki, BMT-nin 2024-cü il Dünya Əhali Perspektivlərinə görə, Azərbaycanda ümumi doğum əmsalı 2024-cü ildə təxminən 1,4 uşaq/qadın səviyyəsində olub. Bu göstərici əhalinin sadə təkrar istehsalı üçün qəbul edilən 2,1 səviyyəsindən xeyli aşağıdır.
BMT məlumatları Azərbaycanın yaş strukturunda da dəyişiklik olduğunu göstərir. 2024-cü ildə əhalinin 0-14 yaş qrupunun payı 21,8 faiz, 60 yaş və yuxarı insanların payı isə 14,2 faiz olub. 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 23,5 və 9,2 faiz idi.
Bu rəqəmlər çox mühüm bir dəyişikliyi göstərir: uşaqların əhali içərisində payı azalır, yaşlıların payı isə artır. Deməli, məsələ yalnız “az uşaq doğulur” deyil. Əhalinin yaş strukturu da tədricən dəyişir.
Əslində bu problem yalnız Azərbaycanın qarşısında dayanmır. BMT-nin son hesabatına görə, dünyada qadınların orta hesabla ömrü boyu dünyaya gətirdiyi uşaqların sayı təxminən bir nəsil əvvəlki dövrlə müqayisədə bir uşaq azalıb. Dünya üzrə ümumi doğum əmsalı 2024-cü ildə 2,25 olub və 2050-ci illərə doğru 2,1 səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır. Daha diqqətçəkən fakt isə budur ki, ölkələrin yarıdan çoxunda doğum əmsalı əhalinin sadə təkrar istehsalı üçün tələb olunan 2,1 həddindən aşağıdır. Təxminən hər beş ölkədən birində isə bu göstərici 1,4-dən də aşağıdır. BMT belə səviyyəni “ultra-aşağı doğum” kimi xarakterizə edir.
Məsələn, dünyada demoqrafik böhranın ən kəskin yaşandığı ölkələrdən biri Cənubi Koreyadır. BMT məlumatlarında ölkənin doğum əmsalı 2024-cü ildə 0,75-dən də aşağı olan ən aşağı göstəricilər sırasında yer alır. Bu, sadəcə, əhalinin azalması problemi deyil. Ölkədə məktəblərin bağlanması, əmək qabiliyyətli insanların azalması, yaşlı əhalinin sürətlə artması və sosial təminat xərclərinin yüksəlməsi kimi nəticələr meydana çıxır.
Çin də artıq əhali sayının pik həddini keçdiyi ölkələrdəndir. BMT Çin əhalisinin 2024-2054-cü illər arasında təxminən 204 milyon nəfər azalacağını proqnozlaşdırır. Əsrin sonuna qədər isə Çində əhali itkisinin 786 milyona çata biləcəyi gözlənilir.
Yaponiya da uzun müddətdir əhalinin qocalması və doğumların azalması ilə mübarizə aparır. BMT-nin məlumatına görə, Yaponiya, Çin, Almaniya və Rusiya Federasiyası daxil olmaqla 63 ölkə və ərazidə əhalinin sayı artıq pik həddinə çatıb. Bu qrupun ümumi əhalisinin qarşıdakı 30 ildə təxminən 14 faiz azalacağı proqnozlaşdırılır.
Avropada da vəziyyət oxşardır. BMT bildirir ki, bütün Avropa ölkələrində doğum səviyyəsi uzunmüddətli əhali təkrar istehsalı üçün tələb olunan həddən aşağıdır.
Bəs niyə insanlar daha az uşaq dünyaya gətirirlər? Məlum məsələdir ki, Azərbaycandakı prosesin də, dünyadakı demoqrafik dəyişikliklərin də tək bir səbəbi yoxdur. İlk səbəblərdən biri kimi həyat tərzinin dəyişilməsi göstərilir. Belə ki, şəhərləşmə, qadınların təhsil və əmək bazarında iştirakının artması, evlilik yaşının yüksəlməsi, mənzil və uşaq baxımı xərclərinin artması ailələrin uşaq sayına münasibətini dəyişir.
Digər mühüm amil uşağın böyüdülməsinin bahalaşmasıdır. Mənzil, təhsil, səhiyyə, məktəbəqədər hazırlıq, geyim, qidalanma və digər xərclər ailələrin üzərinə ciddi yük qoyur.
Bundan başqa, nikahların azalması və ailə qurma yaşının yüksəlməsi də doğum göstəricilərinə birbaşa təsir edir.
Demoqrafik geriləmə ilə mübarizə aparan ölkələrin təcrübəsi göstərir ki, sadəcə, “daha çox uşaq dünyaya gətirin” çağırışı nəticə vermir. BMT də aşağı doğumlu ölkələr üçün ailə və iş həyatının uyğunlaşdırılması, ödənişli valideyn məzuniyyətləri, çevik iş rejimi, əlçatan və keyfiyyətli uşaq baxımı, mənzil imkanlarının yaxşılaşdırılması və yaşlılara qayğı sistemlərinin gücləndirilməsini mümkün siyasət istiqamətləri kimi göstərir.
Yəni dövlət ailəyə elə şərait yaratmalıdır ki, insan “uşaq sahibi olsam, həyatım tamamilə iqtisadi və sosial böhrana çevriləcək” düşüncəsinə düşməsin. Burada yalnız pul müavinəti kifayət etmir. Gənc ailənin mənzil problemi həll olunmalıdır. Uşaq bağçası əlçatan olmalıdır. Ana və ata uşağın doğulmasından sonra işini itirmək qorxusu yaşamamalıdır. Təhsil və səhiyyə xərcləri ailənin gəlirlərini tükəndirməməlidir. Əksinə, insanların istədikləri qədər uşağa sahib ola bilmələri üçün şərait yaratmaqdır.
Yazını hazırladı: Xalidə GƏRAY