Çinin şimal-şərqində nadir torpaq elementlərinin yeni yataqları aşkarlanıb.
Alimlər bu kəşfin hasilatı daha ucuz, asan və ekoloji baxımdan daha təhlükəsiz edə biləcəyini bildirirlər.
“Interesting Engineering” nəşrinin məlumatına görə, yataqlar Heylunczyan və Cilin əyalətlərində aşkar edilib.
Tədqiqat Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu ilə Heylunczyan Əyalətinin Geologiya və Mineral Resurslar İdarəsinin alimləri tərəfindən aparılıb.
Mütəxəssislərin fikrincə, bu tapıntılar Çinin elektromobillər, superkeçiricilər və müdafiə texnologiyalarında istifadə olunan strateji minerallar bazarındakı dominant mövqeyini daha da gücləndirə bilər.
Bildirilir ki, yeni yataqlar uzun müddət davam edən donma və ərimə dövrləri nəticəsində formalaşıb. Çinin cənubundakı Szyansi, Xunan, Fucyan, Quandun və Quansi əyalətlərində yerləşən gil tərkibli nadir torpaq yataqlarından fərqli olaraq, burada mineralların çıxarılması üçün kimyəvi yuyulma prosesinə ehtiyac yoxdur.
Alimlərin sözlərinə görə, bu üsul həm baha başa gəlir, həm də ətraf mühit üçün təhlükəlidir. Üstəlik, belə emal zamanı nadir torpaq elementlərinin təxminən 25 faizi itirilə bilər.
Hazırda Çin dünyadakı nadir torpaq elementlərinin emalı gücünün təxminən 90 faizinə nəzarət edir. Eyni zamanda, qlobal hasilatın 60 faizdən çoxu da bu ölkənin payına düşür.
Bu elementlər yüksək güclü lazerlərin, külək turbinlərinin, elektromobil mühərriklərinin, smartfonların və digər qabaqcıl texnologiyaların istehsalında mühüm rol oynayır.
Məlumata görə, nadir torpaq elementləri təbiətdə saf halda mövcud olmur və əsasən silikat, oksid, karbonat və fosfat minerallarının tərkibində yerləşir. Yeni yataqlarda isə onların monazit və ksenotim kimi ayrı hissəciklər şəklində mövcud olduğu müəyyən edilib ki, bu da hasilatı xeyli asanlaşdıra bilər.
Xüsusilə ağır nadir torpaq elementləri az tapıldığı və müdafiə sənayesi ilə elektromobil texnologiyalarında strateji əhəmiyyət daşıdığı üçün yüksək qiymətləndirilir.
Əvvəllər Çində bu növ yataqların əsasən ölkənin cənubunda yerləşdiyi düşünülürdü. Lakin yeni araşdırmalar onların daha geniş ərazilərdə yayıldığını göstərir.
Qeyd edək ki, daha əvvəl ABŞ-da Appalaç dağlarının altında təxminən 64,4 milyard dollar dəyərində qiymətləndirilən nəhəng litium yatağının aşkarlandığı bildirilmişdi.musavat.com