Gənclər “Çar rədd olsun!” bağırdı- 65 nəfər saxlanıldı
Kremlin nəzarətindəki Kommunist Partiyasının( KP) Moskvada razılaşdırılmış aksiyası gözlənilmədən hakimiyyət əleyhinə etiraz meydanına çevrilib.
1993-cü ilin oktyabr hadisələrinin ildönümünə həsr olunan aksiyaya gözlənilmədən KP tərəfdarları ilə yanaşı partiya ilə birbaşa əlaqəsi olmayan çoxsaylı gənclər də qatılıb. Nəticədə hakimiyyət əleyhinə şüarlar səsləndirilib, aksiyada 60-dan çox, təşkilatçıların məlumatına görə isə 65 nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, “Meduza”ya danışan Moskva universitetlərindən birinin hüquq fakültəsinin tələbəsi bildirib ki, gənclər kolonuna müxtəlif sol siyasi birliklərin nümayəndələri, eləcə də “Yabloko” tərəfdarları qoşulub.
Onun sözlərinə görə, əsas KP kolonu öndə hərəkət edib, gənclərin toplandığı kolon isə arxadan gedib. KP tərəfdarlarına partiyanın və SSRİ-nin simvollarını daşımağa icazə verilsə də, digər iştirakçılardan simvollarını yığışdırmaları tələb olunub.
Tələbənin sözlərinə görə, gənclər əvvəlcədən razılaşdırılmış şüarlardan kənara çıxaraq siyasi repressiyalar, müharibə və hakimiyyət əleyhinə çağırışlar səsləndirməyə başlayıblar. Onun iddiasına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri etirazçıların arasına girərək ayrı-ayrı şəxsləri göstərib və həmin şəxslər saxlanılıb. Gənclərin kolonunun arxasınca üç polis avtobusunun hərəkət etdiyi bildirilib.
Müsahibin sözlərinə görə, saxlanmalar mitinqin ən kəskin şüarları səsləndirilməmişdən əvvəl başlayıb. İlk olaraq “Ulica 1905 qoda” metro stansiyası yaxınlığında Koreya Xalq Demokratik Respublikasının bayrağını daşıyan şəxs və ağ-göy-ağ bayraqlı başqa bir iştirakçı saxlanılıb. Daha sonra “Pravda” qəzeti ilə gedən şəxsin və anarxist simvolikası olan başqa bir iştirakçının saxlanıldığı bildirilib.
Əsas kütləvi saxlamalar isə Druzinnikovskaya küçəsində baş verib. “Üç avtobusu artıq orada doldurdular”, – tələbə bildirib.
Aksiyada səsləndirilən şüarlar isə hadisənin miqyasını daha da diqqətçəkən edib. Gənclər “Müharibəyə yox!”, “Roskomnadzor rədd olsun!”, “Çar rədd olsun!” kimi şüarlar səsləndiriblər. Daha sonra “Vahid Rusiya rədd olsun!” çağırışı da eşidilib.Müsahibə verən tələbə KP-na münasibətini də gizlətməyib. Onun sözlərinə görə, partiya Rusiyada “sistem müxalifəti arasında” mövqe tutur. Hakimiyyətin KPRF-yə münasibəti digər müxalif qüvvələrlə müqayisədə daha yumşaqdır.
Onun fikrincə, gənclərin bir hissəsi KP-nın mövqeyini tam bölüşmür. Xüsusilə Ukrayna müharibəsi məsələsində partiyanın mövqeyi gənclərin müəyyən hissəsinin baxışları ilə üst-üstə düşmür. Buna baxmayaraq, KP-nin mitinqi küçəyə çıxmaq üçün nisbətən təhlükəsiz imkan yaradır.
Aksiyanın daha bir diqqətçəkən tərəfi partiya lideri Gennadi Züqanovun çıxışı olub. Züqanov seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirib. Lakin gənclərin küçədə səsləndirdiyi çağırışlar tamam başqa siyasi istiqamət göstərib.
Tələbənin sözlərinə görə, onunla danışan gənclərdən biri Züqanov haqqında münasibətini soruşub. “Mən ona dedim ki, bu Züqanovun vecinə belə deyiləm”, – deyə müsahib bunu vulqar ifadə ilə təsvir edib. Bundan sonra başqa gənclər də onunla əlaqə yaradaraq kolonaya qoşulmağın mümkün olub-olmadığını soruşublar.
Beləliklə, KP-nin razılaşdırılmış aksiyası faktiki olaraq fərqli siyasi qrupların bir araya gəldiyi platformaya çevrilib. Əvvəlcədən müəyyən edilmiş çərçivə daxilində keçirilməsi nəzərdə tutulan tədbirdə hakimiyyət əleyhinə şüarlar səslənib və polis müdaxiləsi ilə kütləvi saxlamalar baş verib.
Rusiyanın siyasi sistemi baxımından isə hadisənin ən diqqətçəkən tərəfi gənclərin küçəyə çıxmasıdır. Çünki bu dəfə etiraz ənənəvi müxalifət mitinqində deyil, hakimiyyətin illərdir fəaliyyət göstərməsinə imkan verdiyi sistemli müxalifət partiyasının tədbirində üzə çıxıb.
Aksiyadan sonra Moskva məhkəmələri saxlanılanların bir hissəsinə inzibati həbs cəzası verib. Dörd nəfərin 10–15 sutkalıq həbs aldığı, digər iştirakçıların isə müxtəlif məbləğlərdə cərimələndiyi bildirilir.