Ukrayna Rusiyanın hava hücumlarından müdafiə olunmaq üçün HHM vasitələrinin axtarışını davam etdirir.
Bu məqsədlə Türkiyədən az sayda “Korkut” zenit topu sistemi alındığı və həmin sistemlərin artıq Rusiya dronlarını uğurla vurduğu bildirilir.
Bu barədə “Middle East Eye” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşr ukraynalı anonim rəsminin bu silahların Rusiya hücumlarının qarşısının alınmasında effektivliyi ilə bağlı fikirlərini dərc edib.
Ukraynalı rəsminin sözlərinə görə, sistemlərdən istifadənin ilkin mərhələsində müəyyən problemlər yaşanıb. Lakin həmin problemlər kiçik düzəlişlərlə aradan qaldırılıb.
O əlavə edib ki, sistemin qiyməti onun imkanlarına uyğundur. Bu səbəbdən Ukrayna əlavə “Korkut” sistemləri almaqda maraqlıdır.
Nəşrin məlumatına görə, bir sistemin tərkibinə üç zenit topu və komanda məntəqəsi daxildir. Sistem FPV dronlarına və optik liflə idarə olunan dronlara qarşı 25 millimetrlik “ağıllı” döyüş sursatlarından istifadə edir. Bu isə söhbətin “Korkut”un konkret versiyasından getdiyini göstərir.
“Defense Express” qeyd edib ki, təxminən bir il əvvəl təqdim olunan “Korkut” 100/25 SB sistemi həqiqətən də mövcuddur. Sistem 25 millimetrlik topla təchiz edilib və havada partlayan xüsusi “ATOM” tipli “ağıllı” döyüş sursatlarından istifadə edir.
Bu silah müxtəlif platformalara, o cümlədən 4x4 təkər formuluna malik zirehli avtomobillərə quraşdırıla bilən döyüş modulu formasında hazırlanıb.
Nəşr hesab edir ki, Ukraynaya məhz Korkut 100/25 SB sistemlərinin verilmiş ola biləcəyinə əsaslar var. Bu sistemin atəş məsafəsi 1 kilometrdən çox, atəş sürəti isə dəqiqədə 600 mərmidir.
Hədəflərin aşkarlanması və tuşlanması üçün sistemdə AFAR texnologiyalı radarlar, termal kameralar, lazer məsafəölçən və süni intellekt əsaslı alqoritmlər quraşdırılıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı digər ölkələrin liderləri ilə əldə olunan bəzi razılaşmalar hələ də həyata keçirilməyib.
Zelenski əlavə edib ki, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Prezident Ofisinin komandası tərəfdaşlarla Ukraynaya verilən F-16 qırıcılarının zəruri sursatlarla təmin edilməsi barədə razılaşmaların operativ şəkildə yoxlanılmasını həyata keçirəcək.
O vurğulayıb ki, oktyabr ayında əlavə raketlərin əldə edilməsi çox vacibdir. Prezident eyni zamanda Almaniyaya, Norveçə, Finlandiyaya və operativ şəkildə fəaliyyət göstərməyə hazır olan digər tərəfdaşlara təşəkkür edib.
Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin ilk dəfə olaraq Rusiya istehsalı reaktiv “Şahed”lərin 80 faizindən çoxunu vurduğunu və ya zərərsizləşdirdiyini açıqlayıb.
Məlumata görə, sentyabrın 30-da Rusiya Ukraynaya 285 hücum PUA-sı ilə zərbə endirib. Onlardan 174-ü reaktiv mühərriklə təchiz olunub. İlkin məlumatlara əsasən, həmin müddətdə Ukraynanın hava hücumundan müdafiə qüvvələri 254 PUA-nı vurub və ya elektron vasitələrlə sıradan çıxarıb. Onların 146-sı reaktiv “Şahed”lər olub.
Qeyd olunur ki, bundan əvvəl bu göstərici cəmi 40-50 faiz səviyyəsində idi.