22-07-2021, 12:31
Biləsuvar rayon Polis : Polisə hörmət dövlətə hörmətdir

  Biləsuvar rayon Polis : Polisə hörmət dövlətə hörmətdir



Biləsuvar rayon Polis -Vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik

Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər.

Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir.

Ölkəmizin inkişafını, beynəlxalq aləmə inteqrasiyasını gözü götürməyən antiazərbaycan qüvvələr yerlərdəki xəyanətkar və satqın əlaltıları vasitəsilə qarşıdurma yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər. Son vaxtlar isə polisi gözdən salmaq, guya polis əməkdaşlarının insanların hüquqlarını pozması, özlərinə aid olmayan məsələlərə müdaxilə etmələri barədə mənfi rəy formalaşdırmaq üçün cilddən-cildə girir, minbir fitnə-fəsada əl atırlar. Xarici havadarlarının çaldıqları bütün havaya oynayan radikal müxalifət nümayəndələri bu sahədə də xüsusi canfəşanlıq göstərir, müxtəlif adamların adından istifadə edərək polis haqqında həqiqətdən uzaq məlumatlar yayır və bununla da Azərbaycan polisinin fəaliyyətini gözdən salmağa çalışırlar. Belə xəyanətkarlar sanki unudurlar ki, müstəqillik illərində polis orqanları kifayət qədər böyük inkişaf yolu keçib.
Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Təbii ki, bu uğurlar ölkəmizdə sabitliyi pozmağı özlərinin əsas fəaliyyətinə çevirmiş radikal müxalifəti heç cür qane edə bilməz. Çünki belə satqınlar və onlara dəstək verən dairələr ölkədəki əmin-amanlığı, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını həzm edə bilmirlər. Ona görə də qərəz və böhtana əl ataraq, Azərbaycan polisi haqqında şər və böhtanla dolu informasiyalar yayırlar. Radikal müxalifətin bu “fəaliyyəti”, təbii ki, ölkəmizdəki sabitliyi pozmağa növbəti cəhd və təxribatdır. Sözsüz ki, nə radikal müxalifət, nə də Azərbaycanda əmin-amanlığı pozmağa cəhd edən digər qüvvələr insanları bu yalanlara, böhtanlara inandıra bilməzlər. Çünki xalq həmin qüvvələrin hakimiyyətdə olduğu dövrdə polisin, xüsusi təyinatlı polis dəstələrinin, xüsusilə də bu quruma rəhbərlik edənlərin özlərinin xalqın başına gətirdiyi oyunları, faciələri heç vaxt unutmayıb və unutmayacaq da.

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də fəal iştirak edərək şəhidlik zirvəsinə yüksəliblər.
Təbii ki, bütün bunlar antiazərbaycan qüvvələri və onların əlində alətə çevrilmiş radikal müxalifəti narahat etməyə bilməz. Ona görə də polis əməkdaşları haqqında həqiqəti əks etdirməyən qərəzli, böhtan xarakterli məlumatlar yaymaqla iqtidar-xalq vəhdətinə xələl gətirmək istəyirlər. Həmişəki kimi, bu dəfə də onların xəbis niyyətləri ürəklərində qalacaq.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın