14-06-2021, 13:16
Ərdoğanın Şuşaya səfərinin mesajları: "Dünya gücləri Türkiyənin rolu ilə hesablaşır" - ŞƏRH

Ərdoğanın Şuşaya səfərinin mesajları: "Dünya gücləri Türkiyənin rolu ilə hesablaşır" - ŞƏRH


“Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğanın Azərbaycana, xüsusən də Şuşaya səfəri kifayət qədər tarixi əhəmiyyət kəsb edən bir səfərdir. Bu həm də cənab Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı olan qəhrəman Şuşa şəhərinə səfəri ilk Türkiyə Prezidentinin səfəri olacaq. Şuşa səfəri çərçivəsində iki qardaş ölkə arasında, o cümlədən bölgənin gələcək inkişafı ilə bağlı mühüm strateji əhəmiyyətli sənədlər imzalanacaq”.

Bunu açıqlamasında millət vəkili Azay Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, səfər və səfər çərmivəsində imzalanacaq sənədlər Azərbaycanla Türkiyə arasında postmüharibə dövründə qarşıda duran vəzifələri və əməkdaşlığı özündə ehtiva edəcək.

“Sənədlərin Şuşada imzalanmasının isə mənəvi, siyasi və geosiyasi əhəmiyyət var. Mənəvi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Şuşaya necə önəm verirsə, Türkiyə də eyni dərəcədə o əhəmiyyəti verir. Bu iki qardaş ölkə arasındakı sarsılmaz qardaşlığın bariz nümunəsidir. Siyasi əhəmiyyətinə gəldikdə, imzalanacaq sənədlər nəinki Şuşanın, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və bölgənin təhlükəsizliyinin təmini baxımdan böyük əhəmiyyət daşıyacaq. Geosiyasi baxımdan isə bu səfər Azərbaycanla Türkiyənin bölgədə oynadığı əhəmiyyətli rolu açıq şəkildə dünyaya nümayiş etdirmiş olacaq”- deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, cənab Ərdoğan Şuşa səfərində beynəlxalq aləmə verəcəyi mesajlar Ermənistan və onun havadarlarına ciddi xəbərdarlıq olacaq: “Mesajlarda Azərbaycanla Türkiyənin bölgədəki vizionu nədən ibarətdir və hər kəs bu mövqeyə hörmətlə yanaşmalıdır. Əlbəttə ki, veriləcək mesajlar bölgədə sülhün, barışığın, sabitliyin, təhlükəsizliyin təmin olunması və ümumilikdə bölgənin gələcək inkişafı ilə bağlı olacaq. Bu da iki qardaş ölkənin bölgədə nə qədər böyük rol oyandığını və əhəmiyyətli rola malik olduğunu dünyaya göstərəcək”.

Deputat onu da bildirib ki, bu səfər eyni zamanda cənab Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra bölgədə yeni yaranan geosiyasi reallıqlarla bağlı verdiyi bəyanatların praktik formada reallaşdırılmasıdır: “Türkiyə Azəbaycanla qardaş ölkə olsa da, digər bir ölkə başçısı kimi Şuşaya səfəri və burada imzalanacaq sənədlər, veriləcək mesajlar cənab İlham Əliyevin bəyan etdiyi yeni situasiyanın yarandığının beynəlxalq aləmə bariz nümayişi olacaq. Bu həm də iki qardaş ölkənin nə qədər böyük gücə sahib olduğunu göstərəcək. Bu səfəri cənab Prezident İlham Əliyevin müharibədə əldə etdiyi möhtəşəm qələbəni diplomatik müstəvidə davamı kimi qiymətləndirmək olar”.

Millət vəkili onun da qeyd edib ki, bu səfər Türkiyənin bölgədə rolunun artması və dünya birliyi tərəfindən qəbul edilməsi kimi də qəbul etmək lazımdır: “Cənab Ərdoğanın Qarabağa səfəri Türkiyənin bölgədə rolunun artması baxımından böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi münaqişənin həllində ATƏT MQ üzvləri, xüsusən də həmsədr ölkələr olan ABŞ və Fransa münaqişənin həllindən sonra rollarını artırmaq istiqəmətində səylər göstərsələr də, praktik olaraq istədiklərinə nail ola bilmədilər. Lakin Türkiyə münaqişənin həllində tutuduğu mövqe nəticəsində bölgədə sülhün, sabitliyin təmin olunması və gələcək regional əməkdşalıq baxımdan ciddi addımlar ataraq, buna nail ola bildi.

Məhz Türkiyənin artan rolunun nəticəsidir ki, cənab Ərdoğan NATO sammiti çərçivəsində ABŞ və Fransa prezidentləri ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsini və postmüharibə dövründə atılacaq addımları müzakirə edəcəklər. Bu isə o deməkdir ki, artıq bölgədə marağı olan dünya gücləri də Türkiyənin Cənubi Qafqazdakı rolu ilə hesablaşırlar və onunla bölgənin gələcəyini müzakirə edirlər. Odur ki, cənab Ərdoğanın Azərbaycana budəfəki səfəri bütün mənalarda çox böyük əhəmiyyət kəsb edən səfər olacaq”.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın