14-06-2021, 12:30
Qubada iki uşağı elektrik cərəyanı vurub, ölən var

Qubada iki uşağı elektrik cərəyanı vurub, ölən var


Qubada iki azyaşlını elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanıb.

"Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iyunun 13-də Quba rayonunda iki azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

Qubada elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.

"Report verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Yerli sakinlər - 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov kənddən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb, əlləri ilə açara toxunublar.

Nəticədə, Polad Fərhadov hadisə yerində ölüb, Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın