EDNEWS
Tarixdə İLK: İranın Zəngəzur müharibəsi qapıda
“Ermənistan üçün TRIPP layihəsinin iqtisadi mahiyyətini qorumaq və onun qonşu dövlətlərə, xüsusən də İrana qarşı istifadəsinin və ya regional təhlükəsizliyə təhdid olmasının qarşısını almaq vacibdir. Tehran İrəvana etibar etsə də, ABŞ-a dərin bir inamsızlığı var və bunu dəfələrlə bildirib”.
"Bakı-Xəbər" yazır ki, bunu iranşünas ekspert Nver Davtyan bildirib.
Davtyan xatırladıb ki, İranın TRIPP layihəsi ilə bağlı mövqeyi dəyişməz qalıb. Onun fikrincə, Tehran iqtisadi layihələrə və ya regional kommunikasiyaların açılmasına qarşı çıxmır, lakin təhlükəsizliyinə təhdid yarada biləcək üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğunu qəti şəkildə rədd edir. O, İranın təhlükəsizliyinə təhdid hiss etdiyi və ona qarşı hərəkətlərin başladığı Fars körfəzi ölkələrini nümunə kimi göstərib. Belə bir şəraitdə Tehran cavab tədbirləri görməyə hazırdır. Eyni zamanda, İran Ermənistanın siyasi təminatlarını nəzərə alaraq, TRIPP-i sırf iqtisadi layihə kimi görməyə davam edir.
Davtyan vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən İrana qarşı təhlükəsizlik təhdidlərinin mövcudluğunu təsdiqləyə biləcək heç bir əsaslandırılmış fakt yoxdur. Lakin sonradan layihənin başqa məqsədlər üçün istifadə edildiyi ortaya çıxsa, İranın xəbərdarlıqları tətbiq oluna bilər. Erməni ekspert həmçinin qeyd edib ki, layihənin özünü qorumaq və təhlükəsizləşdirmək üçün hər hansı əlavə tədbir Tehranın diqqətindən yayınmayacaq.
Gözləntilər necədir? İranla Ermənistan Zəngəzura görə üz-üzə qala bilərmi?
Deputat Günay Ağamalı Musavat.com-a bildirib ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regional kommunikasiyaların açılması və dövlətlərarası iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradıb.
“Bu konteksdə TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi və bütövlükdə regionun beynəlxalq tranzit potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. TRIPP layihəsinə görə İranla Ermənistan arasında hərbi qarşıdurmanın baş verəcəyi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə sadiq qalması, layihənin iqtisadi mahiyyətinin qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mövqeyi aydın və prinsipialdır. Ölkəmiz regional kommunikasiyaların açılmasının, qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlığın və dayanıqlı sülhün tərəfdarıdır”,_ deyə Günay Ağamalı qeyd edib.
Deputat hesab edir ki, TRIPP layihəsi heç bir dövlətə qarşı yönəlməyib: “İran regional kommunikasiyaların açılması nəticəsində yaranacaq iqtisadi imkanları dəyərləndirməlidir. Cənubi Qafqazın gələcəyi qarşılıqlı etimad, iqtisadi inteqrasiya və mehriban qonşuluq prinsipləri əsasında qurulmalıdır”.
Mənbə: Tarixdə İLK: İranın Zəngəzur müharibəsi qapıda