EDNEWS
Bakıda aparıcının evinə silahlı basqın olub? - DİN-dən açıqlama
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.
Ölkə.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın olduğunu iddia edib.
O, bu barədə “Instagram” hesabında paylaşım edib.
Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib.
Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib.
Fira Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.
Aparıcı hadisədə iştirak etdiyi bildirilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da açıqlayıb.
O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını istəmişdi.
Mənbə: Bakıda aparıcının evinə silahlı basqın olub? - DİN-dən açıqlama