Kəlbəcəri digər ərazilərimizlə 3 müasir magistral yol birləşdirəcək

Bu gün, 09:00 · iqtisadiyyat · vasif
Kəlbəcəri digər ərazilərimizlə 3 müasir magistral yol birləşdirəcək


Kəlbəcər Şəhər Gününü kəlbəcərlilər, kəlbəcərli şagirdlər artıq doğma rayonlarında qeyd edirlər.

Bu gün Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə Kəlbəcər Şəhər Günü təntənəli mərasimlə qeyd edilib.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. 27 ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi.

Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi azadlığına qovuşdu. Artıq Kəlbəcər 6 ildir azaddır. 27 il erməni vandailzminin qurbanına çevrilən, tamamailə yerlə yeksan edilən Kəlbəcər azad edildikdən etibarən yenidən qurulur. Prezidentin imzaladığı 1-ci Qayıdış Proqramı əasında hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir. Bölgədə yeni yollar, tunellər və körpülər inşa olunur. 2023-cü ilin sentyabrına qədər üç ilə yaxın müddətdə Kəlbəcərə Murov dağından keçən yolla gedib-gəlmək mümkün idi. Bu da çox ciddi çətinliklər yaradırdı və rayonun quruculuq işlərini yubadırdı. 2023-cü ilin sentybarında ordumuzun keçirdiyi anti-terror əməliyyatı ilə Qarabağ tamamilə erməni separatçılarından azad edildi. Nəticədə Ağdərə-Kəlbəcər yolu da azad edilmiş oldu. Ağdərənin azad edilməsi Kəlbəcərdə tikinti-quruculuq işlərini, məskunlaşmanı əhəmiyyətli dərəcədə sürətləndirmiş oldu. Murov dağının altından çəkilən 12 kilometrə yaxın tunelin gələn il istismara veriləcəyi gözlənilir. Tunelin istifadəyə verilməsi ilə Kəlbəcəri Azərbaycanın digər əraziləri ilə üç müasir mgistral yol əlaqələndirəcək. Ağdərə-Kəlbəcər yolu, Laçın-Kəlbəcər yolu və Murovdağ tunelinin açılması ilə istifadəyə veriləcək Toğanalı-Kəlbəcər yolu. Bu avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Artıq Kəlbəcər şəhərində tikilən müasir yaşayış binaları sakinlərin ixtiyarına verilib. Hazırda 162 ailə-681 nəfər sakin binalarda mənzillə təmin olunub. Bu rəqəmlərin qarşıdakı dövrdə daha da artması üçün yeni yaşayış sahələrinin yaradılması planlaşdırılır. Şəhərdə üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Hazırda layihələr yekunlaşdırılaraq ekspertiza mərhələsinə təqdim edilib. İkinci yaşayış məhəlləsində 182, üçüncü yaşayış məhəlləsində 476, dördüncü yaşayış məhəlləsində isə 807 mənzilin inşası planlaşdırılır.

Kəlbəcər artıq Böyük Qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır. Şəhərin yalnız yaşayış fondu deyil, ümumi siması da dəyişir. Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq yekunlaşıb və parkın tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Şəhərdə inzibati binanın layihələndirilməsi də planlaşdırılıb. Bütün bunlar Kəlbəcərin tədricən müasir, rahat və funksional məkana çevrilməsinin ayrı-ayrı halqalarıdır. Quruculuq rayonun kəndlərini də əhatə edir. Zar kəndində tikinti işləri artıq yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur.

Mənbə: Kəlbəcəri digər ərazilərimizlə 3 müasir magistral yol birləşdirəcək