EDNEWS
Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı
Azərbaycanla Ermənistanın qarşısında sülh müqaviləsi imzalamaqla bərabər anklavlar və sərhədlərin delimitasiyası məsələsinin həlli dayanır. Bəs anklavlar və sərhədlərin delimitasiyası daha uzun zaman alarsa bu, sülh prosesini ləngidə bilərmi?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, anklav və eksklav ərazilərin taleyi gələcək münasibətlərin ən həssas istiqamətlərindəndir. Bu problemlərin beynəlxalq hüquq və qarşılıqlı razılaşmalar əsasında həll olunması vacibdir: “Ancaq mən düşünmürəm ki, bu məsələlər sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə salmalıdır. Çünki delimitasiya və demarkasiya uzunmüddətli texniki-siyasi prosesdir. Hər bir sərhəd məsələsinin həllini yekun sülh sənədinin imzalanmasının mütləq ilkin şərtinə çevirmək düzgün olmazdı.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da oktyabr ayında anklavlar məsələsinin sülh müqaviləsinin imzalanmasına maneə olmadığını bildirib. Bu açıqlama göstərir ki, İrəvan da anklav məsələsinin ayrıca və daha mürəkkəb danışıqlar predmetinə çevrilə biləcəyini anlayır. Əsas məsələ odur ki, delimitasiya prosesi qarşılıqlı etimad şəraitində davam etdirilsin. Sərhədlərin müəyyənləşdirilməsi hər iki dövlətin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan öz əraziləri ilə bağlı məsələdə güzəştə getmək niyyətində deyil. Eyni zamanda, hüquqi əsaslarla və qarşılıqlı razılaşma yolu ilə sərhəd problemlərinin həlli regional sabitliyə xidmət edə bilər. Cənubi Qafqazda yeni reallıq formalaşıb. Bu reallıqda əməkdaşlıq və iqtisadi inteqrasiya qarşıdurmanı əvəz etməlidir. Ermənistan üçün də ən düzgün seçim tarixi fürsətdən istifadə edərək qonşuları ilə normal münasibətlər qurmaq, blokadadan çıxmaq və regionun iqtisadi imkanlarından yararlanmaqdır. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi davamlı sülhün hüquqi əsaslarının yaradılmasında maraqlıdır. Sülh müqaviləsini imzalamaq üçün sərhədlərin delimitasiyası və demarkasiyasının yekunaşmasını gözləmək olmaz. Azərbaycanla Gürcüstan 35 ildir müstəqilliklərini bərpa ediblər, lakin hələ də bəzi sərhəd xətti ərazilərinin delimitasiyası, demarkasiyası başa çatmayıb”.
Mənbə: Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı