Xəbər lenti
» » Prezidentin ardıcıl Avropa səfərlərinin sirri

Prezidentin ardıcıl Avropa səfərlərinin sirri

Tarix: 16 fevral 09:03
Prezidentin ardıcıl Avropa səfərlərinin sirri


Müxalifət düşərgəsindən ilginc dəyərləndirmələr
Prezident İlham Əliyevin Münhen səfəri onun son iki ayda Avropaya sayca üçüncü səfəri idi. Bundan öncə prezident Londonda dünyanın nüfuzlu dövlətlərinin və təşkilatlarının keçirdiyi Suriyaya dəstək konfransına, ondan əvvəl isə Davos İqtisadi forumuna şəxsən qatılmışdı. Son aylarda prezident arda-arda Avropada keçirilən tədbirlərə şəxsən özü qatıldı.


Deputat Zahid Oruc bildirib ki, prezident beynəlxalq əlaqələri yüksək səviyyədə saxlamaqla həm də Azərbaycanın təcrid olunmasının qarşısını alır və bu istəkdə olan dairələrin mövqeyinə zərbə vurur.

Bəs müxalifət partiyalarının sədrləri bu səfərləri necə dəyərləndirir?

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, arda-arda Avropa səfərləri Azərbaycanın fərqli istiqamətə getməyəcəyini bəlli edir: “Biz daim Azərbaycan iqtidarının, istər prezidentin, istər digər səlahiyyətlilərin Avropa ilə, demokratik dünya ilə sıx təmasının tərəfdarı olmuşuq. Biz anlayırıq ki, bu təmaslar Azərbaycanı Avropaya yaxınlaşdıracaq. Neqativlər nə qədər olsa belə, Avropa cəmiyyətində olmaq, Avropa siyasi coğrafiyasında olmaq, o coğrafiyanın müzakirə etdiyi tədbirlərdə iştirak bizi demokratik dünya ilə daha sıx təmasa məcbur edir. Biz həmişə bunun tərəfdarıyıq, nəinki Avropadan, demokratik dünyadan uzaq düşüb avtoritar idarəçiliyi əsas götürüb özünə qapanmış ölkələrlə yaxınlaşmağın. Son ard-arda Avropa səfərləri protokoldur, protokol deyilmi, bu əvvəlcədən hazırlanıbmı, hazırlanmayıbmı? Bununla bağlı dəqiq fikir yürütmək çətindir. Təbii ki, heç bir dövlət başçısı əvvəldən planlı şəkildə tədbirlərə gedir. Əvvəlcədən hazırlanır, protokol qaydaları müəyyən olunur. Amma hər bir halda bu səfərlərin əhəmiyyəti var. Azərbaycanın fərqli istiqamətə getməyəcəyini bəlli edir. Azərbaycan Avropa siyasi coğrafiyasından kənara çıxmayacaq. Buna görə də hesab edirəm biz bu məsələdə daha çox dəstək verməliyik ki, Avropa ölkələri Azərbaycanla əlaqələri heç bir halda kəsməsinlər. Hətta səfirlərlə, beynəlxalq təşkilatlarla görüşlərimizdə də biz Azərbaycanla sıx təmasa dəvət etmişik”.

AXP sədri Pənah Hüseyn hesab edir ki, prinsip etibarilə yuxarıda adıçəkilən beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın maraq və mənafeləri üçün səylər göstərmək kimi dəyərləndirmək mümkündür. Eyni zamanda hakimiyyətin özünə qarşı olan təzyiqləri mümkün qədər azaltmaq istəyi kimi də qiymətləndirmək olar: “Avropadan və ABŞ-dan Azərbaycan iqtidarını təcrid eləmək çağırışlarının olduğunu bilirsiniz. Bu təzyiqlərin və çağırışların qarşısının alınması baxımından Avropa dövlətlərində keçirilən həmin tədbirlərə qatılmaq əhəmiyyətli sayılıb”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, ölkədə yaranmış və anbaan dərinləşən böhran hakimiyyəti tam olaraq hərəkətləndirib. İqtidar həm daxildə, həm də xaricdə ciddi hərəkətə keçib: “Ölkə prezidenti ardıcıl xarici səfərlərə gedir. Diqqət edin, bölgələrə kimlər gedir? Prezidentə ən etibarlı sayılan, vacibi isə təsir gücü olan komanda üzvləri ictimaiyyətlə işə cəlb edilib. Vəziyyətin ağırlıq əmsalını prezident Əliyevin öz dinamikliyi də əks etdirir. Fikrimcə, bunu yalnız siyasi komponentlə əlaqələndirmək düzgün olmaz, siyasi tərkibin təsirini azaltmaq da yanlışa yuvarladar. Maraqlısı odur ki, bu gün baş verənlər hakimiyyətin son 20 ildə üzləşdiyi ən mürəkkəb müşküldür. Situasiyanın ağırlıq inqredientləri çoxdur. Siyasi, maliyyə, iqtisadi problemlərlə yanaşı, dolaşıq beynəlxalq situasiya da tablonu tündləşdirir. İqtidarın istinadgahı olan 2 dövlət-Türkiyə və Rusiya münasibətlərinin müharibə həddində olması, Rusiyanın bütün sivil dünya ilə konfrontasiya şəraitində yaşaması, ABŞ və Avropa Birliyinin, ATƏT və Avropa Şurasının son dövrlər YAP hakimiyyətinə nümayiş etdirdiyi davranış gərginliyi bir qədər də artırır. Ona görə də prezidentin səfər coğrafiyasını bir qədər geniş çapda dəyərləndirmək daha düzgün olardı. Düşünürəm, hakimiyyət üçün vəsait axtarışı mühüm əhəmiyyətlidir. London və Münhen səfərləri siyasi xarakterli görünsə də, iqtisadi alt yapısı üzə çıxmaqdadır. Dövlət başçısının London səfərindən sonra iqtisadi mahiyyətli 2 xəbər ictimailəşdi. Fevral ayının 12-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suma Çakrabati ilə görüşüb. Təqribən eyni vaxtda Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Azərbaycan məzmunlu açıqlama verdi. Bu hadisələrdə prezident Əliyevin beynəlxalq əlaqələri və nüfuzu rol oynamış görünür”.

PATRIOT.AZ
 Oxunub: 183 


Oxşar xəbərlər:
Ən çox oxunanlar