Xəbər lenti
» » Gədəbəy rayon icra başçısının müavini Avropa Məhkəməsinə müraciət edəcək

Gədəbəy rayon icra başçısının müavini Avropa Məhkəməsinə müraciət edəcək

Tarix: 13 fevral 10:58
Gədəbəy rayon icra başçısının müavini Avropa Məhkəməsinə müraciət edəcək


"Bu, tarixi hadisə olacaq. Çünki dövlətin məmuru öz dövlətindən şikayət edəcək" Məhkəmə Ekspertiza Mərkəzinin rəyi Qüdrət Paşayevin xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd olunanların həqiqəti əks etdirmədiyini deməyə əsas verir Ötən gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayevin "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri Habil Vəliyevə, eyni zamanda "Bizim Dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında iddiasına əsasən növbəti məhkəmə prosesi keçirilib. Nəzərinizə çatdıraq ki, bir ildən artıqdır davam edən məhkəmə prosesi daha öncə Yasamal Rayon Məhkəməsində hakim Anar Rzayevin icraatında olub. Lakin nədənsə proses indiyədək uzanıb. Məlumat üçün bildirək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayev 14 yanvar 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə ünvanladığı xüsusi ittiham qaydasında şikayət ərizəsində iddia edir ki, guya "Gündəlik Bakı" qəzetinin 26 iyul 2014-cü il tarixli ¹133(1643) sayının 8-ci və 9-cu səhifələrində gedən "Gədəbəydə məmur özbaşınalıqları ərşə dirənib" başlıqlı yazıda, həmçinin "Bizim Dövr" qəzetinin 31 iyul 2014-cü il tarixli ¹134(1238) sayının 8 və 9-cu səhifələrində gedən "Ermənilərdən torpaq alan gədəbəylilər icra başçısının əlində aciz qalıb" başlıqlı yazıda onun şərəf və layəqəti, habelə işgüzar nüfuzuna xələl gətirən ifadələrə yol verilib. Halbuki, qeyd olunanlar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən öz təsdiqini tapmayıb. Belə ki, ötən ilin sonlarında Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayev qeyd olunan məqalələrin araşdırılması üçün linqvistik ekspertiza təyin edib. Hakimin bununla bağlı qərarı isə Məhkəmə Ekspertiza Mərkəzinə 26 noyabr 2015-ci il tarixdə daxil olub. 24 dekabr 2015-ci il tarixdə isə mərkəz ekspertiza rəyini hazırlayıb. Qeyd edək ki, "Gündəlik Bakı" qəzetinin 26 iyul 2014-cü il tarixli ¹133(1643) sayında "Gədəbəydə məmur özbaşınalıqları ərşə dirənib" və "Bizim Dövr" qəzetinin 31 iyul 2014-cü il tarixli ¹134(1238) sayında "Ermənilərdən torpaq alan gədəbəylilər icra başçısının əlində aciz qalıb" başlıqlı məqalələri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ali filologiya təhsilli, 2012-ci ildən ekspert iş stajına malik, əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti, filologiya üzrə fəlsəfə doktoru, ikinci dərəcəli ədliyyə qulluqçusu Almaz İmaməli qızı Bayramova tərəfindən tədqiq olunub. Beləliklə, 5 vərəqdən ibarət ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində deyilir: "Ekspertizaya təqdim olunmuş 1(004)-168/2015 saylı cinayət işinin tədqiqat materiallarında "Gündəlik Bakı" qəzetinin 26 iyul 2014-cü il tarixli ¹133(1643) sayında "Gədəbəydə məmur özbaşınalıqları ərşə dirənib" və "Bizim Dövr" qəzetinin 31 iyul 2014-cü il tarixli ¹134(1238) sayında "Ermənilərdən torpaq alan gədəbəylilər icra başçısının əlində aciz qalıb" başlıqlı məqalələrdə Qüdrət Paşayevin şərəf və ləyaqətini nalayiq formada alçaldan, təhqir xarakterli söz və ifadələr müəyyən olunmadı". Ekspertin rəyində bildirilir ki, sözügedən məqalələrdə yer almış məlumatlar mövcud faktlar və ya böhtan xarakterli olması müəyyən edildikdən sonra həmin məlumatları Qüdrət Paşayevin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab etmək mümkündür. Bu isə ekspertlərin səlahiyyətinə aid olmayıb, hüquqi xarakterli məsələdir. Bu isə özlüyündə onu deməyə əsas verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayevin "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə və "Bizim Dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsasən Yasamal Rayon Məhkəməsinə ünvanladığı xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində də deyildiyi kimi, ortada şərəf və ləyaqətin təhqir olunması ilə bağlı heç bir sübut yoxdur. İndi isə keçək dünən baş tutmuş məhkəmə prosesinə. Beləliklə, hakim Hüseyn Səfərov məhkəmə prosesini açıq elan etdikdən sonra iclasda iştirak edən şəxslərin kimliyi ilə maraqlandı. Və tərəflərə məhkəmə işi ilə bağlı ətraflı məlumat verdi. İclas zamanı məlum oldu ki, Qüdrət Paşayevin nümayəndəsi qismində çıxış edən vəkil Zaur Niftəliyev bir ildən artıqdır ki, məhkəmə prosesinin getməsinə baxmayaraq, indiyədək məhkəməyə order təqdim etməyib. Yəni o, indiyədək prosesdə etibarnamə ilə iştirak edib. Bu isə öz növbəsində, müvafiq qanunvericiliyin tələblərinə ziddir. Məhz bu məqamda hakim Hüseyn Səfərov Zaur Niftəliyevdən məhkəmə sənədlərinin içərisində orderin olmadığını bildirdi. Hakim: - İş materiallarında sizin orderiniz yoxdur. Vəkil: - Hörmətli hakim, Vəkillər Kollegiyasının üzvüyəm və xüsusi ittihamçının nümayəndəsi olmağıma dair etibarnaməm var. Əgər order lazımdırsa, indi yazıb verərəm. Hakim: - Mənə elə gəlir ki, sizin məhkəmə prosesinə ordersiz çıxmağınıza Vəkillər Kollegiyası da razı olmaz. Bundan sonra vəkil Zaur Niftəliyev elə məhkəmə zalındaca yazıb orderini hakimə təqdim etdi. Bu isə haqlı olaraq cavabdeh tərəfin narazılığına səbəb oldu. Habil Vəliyev: - Möhtərəm hakim, xahiş edirəm ki, vəkilin burda yazıb verdiyi orderi qəbul etməyəsiniz. Çünki bir ildir ki, proses gedir, lakin vəkil hələ bu gün order təqdim edir. Hakim: - Vəkilin orderi indi təqdim etməsində hüquqi nöqteyi-nəzərdən heç bir problem yoxdur. Sadəcə olaraq order ona görə gərəkdir ki, bu zaman vəkillə iddiaçı tərəf arasında müqavilə imzalandığı zaman əldə olunan gəlirdən Vəkillər Kollegiyasına da müəyyən köçürmələr edir və bu da kollegiyanın bəzi xərclərinə sərf edilir. Mən məhz bu səbəbdən vəkildən order tələb edirəm. Odur ki, problem yoxdur. Keçək digər məsələyə. Habil Vəliyev, sizin vəkiliniz yoxdur, eləmi? Habil Vəliyev: - Bəli, yoxdur. Mən ötən proseslərin birində vəkilin xidmətindən imtina etmişəm və bununla bağlı rəsmi qaydada ərizə də yazmışam. Hörmətli hakim, onu da qeyd edim ki, vəkilin bir il ərzində məhkəməyə order təqdim etməməsi onu deməyə əsas verir ki, o, qarşı tərəflə imzaladığı müqavilədən əldə olunan gəlirdən Vəkillər Kollegiyasına heç bir ödəmə etməyib. Vəkillər Kollegiyasına daxil olan gəlirdən dövlət büdcəsinə də ödəmələr edilir. Belə çıxır ki, vəkil dolayısıyla əldə etdiyi gəliri gizlədib və bununla da dövlət büdcəsinə ödəmə etməkdən boyun qaçırıb. Xahiş edirəm ki, bununla bağlı xüsusi qərardad çıxarasınız. Çünki qarşı tərəfin nümayəndəsi vəzifəsindən sui-istifadə edib. Hakim: - Habil Vəliyev, bu, iş məndən əvvəlki hakimin icraatında olduğu zaman baş verib. Mən bu gün orderi ondan aldım. Vəkildən imtina ilə bağlı ərizəyə gəlincə, iş materiallarında belə bir ərizə yoxdur. Habil Vəliyev: - Yazıb məhkəməyə təqdim etmişəm. O zaman iş hakim Anar Rzayevin icraatında idi. Hörmətli hakim, əgər indi həmin ərizə iş materiallarında yoxdursa, bu, mənim yox, hakimin səhvidir. Mən ərizəni yazıb hakimə təqdim etmişəm. Məhkəmənin yanında dayanıb ərizənin işə əlavə olunub-olunmamasına baxmağa ixtiyarım yoxdur axı. Hakim: - Məni düzgün başa düşün, faktiki olaraq ərizə iş materiallarının içində yoxdur. Bundan sonra hakim tərəflərə iş materialları ilə tanış olmaq üçün şərait yaratdı. İlk öncə iddiaçı tərəfin vəkili, daha sonra isə Habil Vəliyev iş üzrə materiallarla tanış oldu. Habil Vəliyev: - Möhtərəm hakim, burda bir sənəd var, siz ona baxmısınız? Hakim: - Hansı sənəd? Habil Vəliyev: - Gədəbəy Rayon Prokurorluğunun 23.08.2014-cü il tarixli qərarı. Hörmətli hakim, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsində deyilir ki, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. O cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Prokurorluğun qərarı var ki, iş araşdırılıb və rədd edilib. Lakin məhkəmə bu işi öz icraatına qəbul edib. Bu boyda da qanun pozuntusu olar? Hakim: - Mən bilmirəm axı o iş araşdırılır, ya yox. İş artıq baxışa verilib və bu gün baxış mərhələsindəyəm. Habil Vəliyev: - Siz düz deyirsiniz, lakin bu, öncəki hakimin gördüyü işdir. Hakim: - Lakin məhkəmə istintaqını təzələməmişdən öncə tərəflərə öz aralarında barışıq əldə etməyi təklif edirəm. Habil Vəliyev: - Möhtərəm hakim, kiminlə barışaq? Qarşı tərəf ərizə versin, iddiasını geri götürsün. Qüdrət Paşayev: - Hörmətli hakim, mən qarşıma məqsəd qoymuşam, Avropa Məhkəməsinə çıxacam. Heç bir barışıqdan söhbət getmir. Habil Vəliyev: - Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Avropa Məhkəməsinə müraciət edəcək. Bu, tarixi hadisə olacaq. Çünki dövlətin məmuru öz dövlətindən şikayət edəcək. Hakim: - Onda biz prosesi təxirə salaq və Habil Vəliyevə vəkil təyin olunması ilə bağlı qərar göndərək. Çünki sizin vəkilin müdafiəsindən istifadə etmək hüququnuz var. Bundan sonra istəməsəniz, ərizə yazıb müdafiəçinin iştirakı ilə onun xidmətlərindən imtina edə bilərsiniz. Qeyd etdiyim kimi, bu gün iş materiallarında belə bir ərizə yoxdur. Odur ki, qanunun tələbinə görə bunu etməliyik. Beləliklə, növbəti məhkəmə prosesi 17 fevral saat 15:00-a təyin olundu.


PATRIOT.AZ
 Oxunub: 303 


Oxşar xəbərlər:
Ən çox oxunanlar