Xəbər lenti
» » 170 saylı orta məktəbdə «ailə podratı»

170 saylı orta məktəbdə «ailə podratı»

Tarix: 09 dekabr 11:39
170 saylı orta məktəbdə «ailə podratı»



Misir Mərdanovun yadigarı olan Nuranə Mirzəyevanın işində ciddi nöqsanlar mövcuddur Başı pul yığımına qarışan direktor Təhsil Nazirliyinin attestasiya test imtahanlarından keçə bilməyib Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəblə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Direktor Nuranə Mirzəyevanın fəaliyyətinə yaxından bələd olan şəxsin bildirdiyinə görə, sözügedən məktəbdə təhsilin səviyyəsi çox aşağıdır. Etibarlı mənbənin sözlərinə görə, 170 saylı orta məktəbdə tədris sistemi düzgün qurulmayıb. Elə bu səbəbdəndir ki, nə müəllimlərin, nə də şagirdlərin dərsə marağı var: «Direktor sanki buranın dövlət müəssisəsi olduğunu unudub. O, məktəbi şəxsi mülkü kimi idarə edir. Sabiq nazir Misir Mərdanovun yadigarlarından biri hesab edilən xanım qanunların tələblərini kobud şəkildə pozur. Müəllimlər arasında dərs bölgüsü ədalətli şəkildə aparılmır. İş təcrübəsi çox olan bəzi müəllimlərə az dərs saatı yazılır. Amma gənc və müəllimlik sahəsində o qədər də təcrübəsi olmayanlara artıq dərs saatı verilir. Əlavə dərs saatlarının təyinatı müqabilində bəzi müəllimlər direktora «hörmət» edirlər. Bundan başqa, məktəb rəhbəri müxtəlif bəhanələr gətirərək şagirdlərdən mütəmadi olaraq pul yığır. Artıq valideynlər bu durumdan təngə gəliblər. Demək olar ki, hər həftə şagirdlər müxtəlif pul yığımlarına cəlb edilirlər. Təhsil naziri Mikayıl Cabbarov bu kimi hallara qarşı mübarizə aparsa da, Nuranə Mirzəyeva qanundan kənar hərəkətlərindən əl çəkmir. Yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti bərbad gündədir. 10 və 11-ci siniflərdə oxuyan şagirdlər direktora ayda müəyyən miqdarda pul verib aylığa çıxırlar. Buna görə də məktəbdə keyfiyyətli təhsildən söhbət belə gedə bilməz». Bizdə olan məlumatlara görə, direktor ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyənləşdirib: «İbtida sinifdə oxuyan şagirdlərin belə işlərə cəlb edilməsi sadəcə dəhşətdir. 170 saylı orta məktəbdə adi tədris metodikasından başqa xüsusi "evdə təhsil” proqramı da tətbiq olunur. Bu proqram çərçivəsində müəyyən xəstəliklər səbəbindən məktəbə gələ bilməyən uşaqlara dərslər onların öz evlərində keçilir. "Evdə təhsil” proqramı üzrə məktəbin 100-dən artıq şagirdi təhsil alır. Onlara dərs deyən müəllimlərin sayı isə təxminən 40 nəfərə yaxındır. Direktor bu layihədən öz maraqları naminə istifadə edir. Deyilənə görə, o bu proqram üzrə dərs saatlarının bölgüsündə müxtəlif maxinasiyalara yol verir.Nuranə Mirzəyeva həmin proqram üzrə dərs deyən müəllimlərin saatlarını artıq göstərməklə onlara yazılan əmək haqlarının bir hissəsini özü mənimsəyir». Sözügedən təhsil ocağına qəbul olunmaq da ucuz başa gəlmir. İddialara əsasən, övladının 170 saylı orta məktəbdə təhsil almasını istəyən hər bir valideyn ən azı 300-400 manatından keçməlidir: «Həmçinin təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən pul yığımları da direktorun şəxsi büdcəsinin genişlənməsinə şərait yaradıb». Apardığımız qısa araşdırmalar nəticəsində öyrəndik ki, başı qanunsuz işlərə qarışan direktor bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən keçirilmiş və məktəb direktorları üçün nəzərdə tutulan attestasiya test imtahanlarından keçə bilməyib. Belə ki, həmin sınaqda uğursuzluqla üzləşmiş məktəb direktorlarının 26 nəfərdən ibarət siyahısında Nuranə Mirzəyevanın da adı yer alıb. Bu səbəbdən məktəb direktoru nazirlik tərəfindən yaradılmış xüsusi hazırlıq kurslarına getmək məcburiyyətində qalıb. Bu arada, onu da vurğulayaq ki, Misir Mərdanovun yadigarı 170 saylı orta məktəbdə əməlli-başlı «ailə podratı» yaradıb. Həmçinin nə qədər qəribə səslənsə də, Nuranə Mirzəyeva rəhbəri olduğu məktəbdə təhsil alan şagirdlərin dəqiq sayını bilmir. Növbəti sayımızda xanım direktorun fəaliyyətindəki nöqsanlar və məktəbdə işlə təmin etdiyi qohumları ilə bağlı tükürpədən faktları dərc edəcəyik. Bizi izləməyi unutmayın. Qeyd edək ki, Nuranə Mirzəyeva Təhsil Nazirliyinin sabiq şöbə müdiri İdris Mirzəyevin qızıdır.(gundelikbaki)

PATRIOT.AZ
 Oxunub: 241 


Oxşar xəbərlər:
Ən çox oxunanlar