6-08-2022, 11:00
Manaf Manafov: Şəhid ailələri və qazilər hərtərəfli qayğı ilə əhatə olunublar

Manaf Manafov: Şəhid ailələri və qazilər hərtərəfli qayğı ilə əhatə olunublar


Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov - Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən müstəqil və dinamik inkişaf edən bir dövlətdir. Xüsusilə ölkəmizin iqtisadi inkişafının bariz təzahürlərini son illər respublikanın rayon və bölgələrində gedən mütərəqqi proseslərdə, o cümlədən həyata keçirilən abadlıq-quruculuq işlərində, insanların rifahının yüksəlişində müşahidə edə bilirik. İşğaldan azad edilmiş ərazilərin potensialı ölkə iqtisadiyyatının ümumi inkişafına böyük töhfələr verəcək və Azərbaycan daha güclü, daha zəngin olacaq. Bu gün isə həmin ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Əminliklə demək olar ki, ən qısa zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına aid olan bölgələrimiz də ölkənin digər regionları kimi, sürətli inkişaf yoluna qədəm qoyacaqlar.

Qeyd olunmalıdır ki, son illər respublikanın rayon və bölgələrində gedən dinamik inkişaf ilk növbədə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının nəticəsidir. Məhz bu proqramın icrası sayəsində son illər ərzində bütün rayonlarımızda böyük abadlıq-quruculuq işləri aparılıb, irimiqyaslı infrastruktur layihələri həyata keçirilib, uzun illərdən bəri insanları narahat edən sosial-məişət və digər problemlər aradan qaldırılıb. Həmçinin bu illər ərzində rayon və kəndlərimizdə elektrik təchizatı, qazlaşdırma, içməli su, yol infrastrukturu, rabitə və digər bu kimi sahələrdə önəmli layihələr həyata keçirilib. Bütün rayonlarda yeni xəstəxanalar, məktəblər, idman kompleksləri inşa olunub, parklar salınıb.

Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində rayon və bölgələrdə işsizlik probleminin həlli ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu baxımdan təbii ki, ölkədə sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən qayğı və diqqət əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu məsələyə xüsusi olaraq toxundu və bildirdi ki, rayon və bölgələrə sahibkarlar cəlb olunmalıdırlar. Dövlət başçısı bu məqsədlə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını daha aktiv olmağa, sahibkarlığın inkişafı üçün mövcud şəraiti daha əlverişli etməyə çağırdı.

Təbii ki, Prezidentin çıxışında vətəndaşlara və ilk növbədə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi məsələsi xüsusi olaraq vurğulandı. Dövlət başçısı bir daha qeyd etdi ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, sağlamlığını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər və bunu heç kimin unutmağa haqqı yoxdur. Buna görə də hər bir dövlət məmurunun, hər bir vətəndaşın borcudur ki, onlara arxa, dayaq olsun. Həqiqətən də bu gün Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına böyük diqqət və qayğı göstərməkdədir. Bu kateqoriyaya aid olan insanların məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillərin, fərdi evlərin, minik maşınlarının verilməsi prosesi indi də davam etdirilir. Şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əlbəttə ki, rayon icra orqanlarının nümayəndələri də bu kateqoriyadan olan insanlara qayğı göstərilməsini hər zaman diqqətdə saxlamalı, onların problemləri ilə maraqlanmalı, məişət şəraitlərinin daha da yaxşılaşdırılmasında onlara dəstək olmalıdırlar. Bu gün Azərbaycan qalib ölkə, Azərbaycan xalqı isə qalib xalqdır! Bu qürur və şərəfi bizə bəxş edən insanlara qayğı da bizim hamımızın borcudur.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın