29-06-2022, 13:02
Türkiyənin gündəm olan razılığının pərdəarxası: şərtlər və toqquşmalar…

Türkiyənin gündəm olan razılığının pərdəarxası: şərtlər və toqquşmalar…


Türkiyənin İsveç və Finlandiya ilə onların NATO-ya daxil olması məsələsində razılığa gəlməsinin detalları bu yöndədir ki, PKK-ya qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəklər.

Bu sözləri açıqlamasında siyasi ekspert Əziz Əlibəyli Türkiyə, İsveç, Finlandiya və NATO arasında keçirilən dördtərəfli sammitin nəticəsini şərh edərkən deyib.

O bildirib ki, bu razılıq nəticəsində Finlandiya və İsveç PYD/YPG, həmçinin FETÖ-ilə mübarizə məsələsində öhdəliklər götürüblər:
“Digər bir razılaşma isə silah satışı ilə bağlı embarqoların qaldırılması ilə bağlı razılığın əldə olunmasıdır. Ümumilikdə götürdükdə Finlandiya və İsveçin NATO-ya aid olmayan iki ökə olaraq Türkiyənin maraq dairəsində olan əks qüvvələrə dəstək verməsi, heç nəyi dəyişdirməyəcək. Əvvəla, NATO daxilində də Türkiyənin Yunanıstan, ABŞ və Fransa ilə problemləri var. Bu problemlər ümumi olaraq göstərir ki, İsveç və Finlandiya məsələsi Türkiyə üçün o qədər də əhəmiyyətli deyil. Türkiyə bu məsələni Rusiya ilə münasibətlər konteksində nəzərdən keçirməyin tərəfində idi. Bir az da bu mənada NATO daxilində son zamanlar ona qarşı çevrilmiş ümumi münasibətləri tarazlamaq niyyəti daşıyırdı”.

Ekspertin fikrincə, Türkiyənin gözləntiləri Rusiya tərəfindən qarşılanmadığı üçün İsveç və Finlandiyanın üzvlüyünə razılıq verib:



“Yəni Türkiyənin bu mənada güzəştlərə getməməsinin müqabilində Rusiya bazarının çox geniş miqyasda Türkiyə üçün açması kimi müəyyən vədlər verməsi, üzvlük məsələsində təsirli idi. Türkiyənin Avropa ölkələri ilə yanaşı Rusiyaya qarşı sanksiyaya daxil olmaması məsələləri göstərirdi ki, burada Türkiyənin də Rusiydan gözləntiləri var. Bu gözləntilərin ilki xüsusilə qida böhranı ilə bağlı Qara dənizdə Ukrayna gəmilərinin buraxılmaması məsələsi idi. Əvvəlcə Rusiya ilə burada böhran yarandı. İkincisi, Antalya görüşləri sonrası danışıqlar prosesinin pozulmasında toqquşma nöqtəsi var idi. Üçüncü toqquşma nöqtəsinə əlbəttə ki, Suriya əməliyyatları daxil idi. Türkiyənin Suriya əməliyyatları ilə bağlı gündəmə gətirdiyi məsələlərdən dərhal sonra Suriyanın PKK/PYD bölgəsinə qoşun yeritməsi, ABŞ-ın buna dəstək verməsi və İranı bölgədə fəallaşdırması, görünür, Türkiyə üçün qırmızı xətlər təşkil elədi. Yəni Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verməsi bir növ Rusiyanı cəzalandırması niyyətini daşıyır. Bu da o deməkdir ki, Türkiyə lideri Ərdoğanın həmkarı Putindən bu mənada gözləntiləri var idi və qarşılanmadığına görə, belə bir addım atdı”.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın