31-01-2022, 09:40
Prezident İlham Əliyev Gəncədə səfərdədir - YENİLƏNİB

Prezident İlham Əliyev Gəncədə səfərdədir - YENİLƏNİB


Yanvarın 30-da Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihə Gəncə lokomotiv deposudur. Yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. 2021-ci ilin noyabrında açılışı olan Biləcəri lokomotiv deposu ilə bərabər, Gəncə deposu Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilib.

Dövlətimizin başçısı deponu işə saldı.

Bildirildi ki, əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir.

Gəncə lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır.

Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə Memorial Kompleksinin təməlini qoyub.

"Dövlətimizin başçısı Kompleksin yaradılacağı ərazi ilə tanış oldu. Prezident İlham Əliyevə Kompleks barədə məlumat verilib.

Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə heç bir mənəvi müstəviyə uyğun deyildi. Bu ifadənin dəqiq definisiyası “alçaqcasına hücum”dur. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı.

Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi isə bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır.

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.

"İkimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır.

Qeyd edək ki, dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artmışdır.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

"Bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə saldı.

“ASAN xidmət” konsepsiyasının mühüm tərkib hissələrindən biri könüllülərdir. İndiyədək prosesə 28 mindən çox könüllü gənc qoşulub. Onlar tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib. 2700-dən çox könüllü isə “ASAN kadr” portalı vasitəsilə işlə təmin olunub.

Yarandığı ilk gündən ASAN vətəndaş məmnunluğu əmsalına görə fərqlənib. İndiyədək mərkəzlərə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Vətəndaşların məmnunluq əmsalı isə 99,5 faizə bərabərdir.

Ülvi Mehdiyev: Cənab Prezident, Sizə innovasiyalarla bağlı yerli bir məhsul da təqdim etmək istəyirəm. Həyətdə quraşdırılıb, strateji obyektlər, dövlət sərhədi üçün lazım olan mühafizə skaneridir. Özünü elektrik enerjisi ilə Günəş paneli vasitəsilə qidalandırır, kamera və işığı var.

Prezident İlham Əliyev: Deməli, yaxınlaşdı, toxundu, dərhal...

Ülvi Mehdiyev: Dərhal həyəcan siqnalı və bu hansı blokda baş verdiyini göstərir.

Prezident İlham Əliyev: Orada sensorlar var?

Ülvi Mehdiyev: Bəli, sensorlar var. Deməli, bunu kəsə bilər, aralaya bilər, bloku zədələyə bilərlər. Dərhal siqnal verir. Hətta özü xarab olursa, sistemin özünə müdaxilə olursa, onda da özü çağırış verir ki, buraya müdaxilə olundu.

Növbəti innovativ yenilik – “ASAN kömək” vasitəsilə xarici ölkələrə səfər edən vətəndaşların köməyə ehtiyacı olarkən, eyni zamanda, təcili və təxliyə hallarında faydalana biləcəkləri mobil proqramdır.

“Smeta-Normativ və Qiymətqoyma” İnformasiya Sistemi vasitəsilə isə müxtəlif istiqamətlər üzrə məlumatların toplanması, təhlil edilməsi, digər əlaqəli dövlət informasiya sistemlərinə ötürülməsi və aidiyyəti qurumlar üçün hesabatlılığın təmin edilməsi mümkün olacaq.

Ülvi Mehdiyev: Cənab Prezident, bu rəqəmsal icra hakimiyyəti sistemi ilə biz həm fiziki olaraq icra hakimiyyətlərinin ASAN standartına uyğunluğunu təmin edirik, eyni zamanda, bu sistem vasitəsilə icra qurumlarının bütün xidmətlərini elektronlaşdırmışıq. Noyabr ayında istifadəyə vermişik, artıq 2437-dən çox istifadəçi yararlanıbdır.

Prezident İlham Əliyev: Burada sizdə var? Quraşdırılır?

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov: Bizim işçilər burada oturacaqlar, cənab Prezident. İcra hakimiyyətinin, Nizami, Kəpəz rayonlarının nümayəndələri burada olacaqlar.

Ülvi Mehdiyev: Pilot olaraq Gəncə, Quba və Masallıdan başlamışıq.

Prezident İlham Əliyev: Səmərəliliyi var?

Niyazi Bayramov: Olacaq, bəli.

Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır, Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ” teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli” teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib.

Görkəmli teatr xadimləri İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi şəxsiyyətlərin sənət yolu məhz buradan keçib.

Dövlətimizin başçısına Gəncə Dövlət Dram Teatrının yeni binasında görülən işlərlə bağlı məlumat verilib.

Qeyd edildi ki, Gəncə Dövlət Dram Teatrının 2014-cü ildə təməli qoyulan yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.



***

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın