30-06-2021, 09:32
“Bakı Metropoliteni”ndə 565 milyon manatlıq yığılmış ZƏRƏR

“Bakı Metropoliteni”ndə 565 milyon manatlıq yığılmış ZƏRƏR


“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 mln manat xalis zərərlə başa vurub.

2019-cu ilin yekunu ilə müqayisədə QSC-nin zərərində 28,5 mln manat və ya 51,7% artım müşahidə olunub. Qurumun əməliyyat zərəri də 55,543 mln manat təşkil edib.

Sərnişindaşımadan gəlirləri 3 dəfədən çox azalıb

Metropolitenin 2020-ci il ərzində sərnişindaşımadan gəlirləri 3 dəfədən çox azalaraq 21,623 mln manata düşüb. Büdcədən subsidiya isə illik müqayisədə 37% artaraq 67,679 mln manat olub, sair əməliyyat gəlirləri isə 38% azalaraq 3,534 mln manat olub.

Qurumun istifadə edilmiş neft məhsulları üzrə xərci 679,720 min manat, material ehtiyatları xərcləri 4,928 mln manat, istifadə edilmiş elektrik enerjisi 6,628 mln manat, istifadə edilmiş qaz xərcləri 167,655 min manat, istifadə edilmiş su, çirkab su və qrunt suları üzrə xərcləri 4,156 mln manat olub.

İşçi heyəti üzrə xərcləri isə 3,1% azalaraq 44,660 mln manat təşkil edib.

“Bakı Metropoliteni” QSC ötən ilin yekununda cəmi aktivləri illik müqayisədə 2,5% artaraq 2 513,284 mln manat, cəmi öhdəlikləri isə 9% artaraq 58,917 mln manat təşkil edib.

Yığılmış zərəri 565 milyon manatı ötüb

İl ərzində nizamnamə kapitalı 140,198 mln manat artaraq 3 019,606 mln manata çatdırılan qurumun bölüşdürülməmiş zərəri isə illik müqayisədə 17,3% artaraq 565,240 mln manat olub.

Nəticədə, qurumun cəmi kapitalı 2,4% artaraq 2 454,367 mln manat təşkil edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın