14-08-2020, 09:14
Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər — Agentlik sədri

Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər — Agentlik sədri



Xəzərə axıdılan tullantı suları təkrar su ehtiyatı kimi istifadə edilə bilər.
Bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, bu sular həm yaşıllıqların suvarılması, həm də texnologiyaların işlədilməsi üçün istifadə edilə bilər.

ETSN-in artıq bu təcrübədən istifadə etdiyini açıqlayan nazirlik rəsmisi qeyd edib ki, Abşeron yarımadasının bəzi ərazilərində təsərrüfat mənşəli tullantı suları təmizlənərək yaşıllıqların suvarılmasında istifadə edilir.
Xəzərin hələ də müəyyən ekoloji problemlərlə üz-üzə olduğunu deyən M.Qənbərov bildirib ki, hazırda bu dənizi ən çox neft, yəni karbohidrogen hasilatında əmələ gələn lay sularının bir qismi, eyni zamanda təsərrüfat, məişət mənşəli tullantı suları ilə çirklənməyə məruz qalır: "İndi lay sularının həcmi müəyyən qədər azalıb. Amma dəniz suyu yenə də neft ləkələri ilə müşahidə edilir".

Agentlik sədri əlavə edib ki, bu gün Abşeron yarımadasının şimal, şimal-qərb hissəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bundan başqa, bu gün yağış sularının idarəolunması üçün Bakı buxtasına istiqamətlənmiş 19 km-lik məsafədə kanallarla hələ də təsərrüfat, məişət mənşəli tullantı suları axıdılır: "Bu gün Xəzər dənizi yalnız Xəzər sahilindəki obyektlərlə çirklənmir. Xəzər dənizinin Yalamadan Astaraya qədər olan hissəsində 130-dan çox su axarı var".

M.Qənbərov hesab edir ki, tullantı sularının Xəzərə axıdılmaması üçün yeni salınan, getdikcə genişlənən yaşayış sahələrində mərkəzləşdirilmiş kanalizasiya sistemləri olmalı, mövcud təmizləyici qurğuların şəbəkəsi genişləndirilməli, istehsal gücü artırılmalı, ehtiyac duyulan ərazilərdə yeni təmizləyici qurğular quraşdırılmalıdır. Bununla yanaşı, karbohidrogen istehsalında yaranan lay suları idarə edilməli, onlar axarlar vasitəsilə Xəzərə axıdılmamalıdır.

Agentlik sədri bunu da əlavə edib ki, Xəzərə tullantı axıdan fiziki və hüquqi şəxslərə qarşı inzibati qaydada cərimə tətbiq edilir. Xəzərin çirklənməsinə səbəb olan idarə və müəssisələrə dəfələrlə xəbərdarlıq edilib. Həmin qurumlara lazımi tədbirlərin görülməsi üçün vaxt da verilib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın