Xəbər lenti
» » Şirkət rəhbərinin məhkəmədə ürəyi getdi

Şirkət rəhbərinin məhkəmədə ürəyi getdi

Tarix: 21 oktyabr 15:27
Şirkət rəhbərinin məhkəmədə ürəyi getdi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib.

Prosesdə şahidlər ifadə verib. Şahid qismində avtobus sürücüsü Nurlan Tağıyev, “Sədərək” ticarət mərkəzində işləyən Əmirxan Əmrahov və “Sərhəng C” MMC-nin direktoru Əfqan Əliyev ifadə veriblər.

Əmirxan Əmrahov ifadəsində Araz Eyvazovu heç zaman görmədiyini bildirib: “Masallıda işləyirəm. Yuyucu toz, sabun və sair malların alveri ilə məşğul oluram. Malı İrandan gətirib Bakıda paylayırdıq. Araz sənədlə bağlı işlərimi görüb” .

Şahid hakimin suallarını cavablandıra bilməyib. Belə ki, şirkət rəhbəri üzünü görmədiyi şəxsə etibarnamə verməsini izah edə bilməyib. Ə.Əmrahov heç İrandan hansı malı gətirdiyini, tozun adını açıqlaya bilməyib. Onun heç bir vergi vermədiyi, ümumilikdə heç nədən xəbərinin olmadığı məlum olub. O, heç şirkətin möhürünün də yerini bilməyib.

Hakim və prokurorun suallarına cavab verə bilməyən şirkət rəhbərinin məhkəmə zalında ürəyi gedib.

Ə.Əmrahovdan sonra şahid qismində “Raket servis” MMC-nin direktoru Rauf Quliyev ifadə verib. Rauf Quliyev də hakimin və dövlət ittihamçısının sualları qabağında aciz qalıb.

O, ömründə Azərbaycandan çıxmadığını bildirsə də ittiham aktında şirkətin Türkiyənin “Bursa Senayeyi” şirkəti ilə 66 min 700 manatlıq müqaviləsinin olduğunu və bunun qarşılığında yuyucu toz aldığını bildirib. Rauf Quliyev də şirkətinin möhürünün yerini bilmədiyini deyib.

Rauf Quliyevdən sonra “Elvin C” şirkətinin direktoru və təsisçisi Afəddin Həşimov ifadə verib. O, ifadəsində Masallıda yaşadığını bildirib: “Masallıda yuyucu toz, pampers işinə baxmışam. Gedib İrandan mal alırdım. 500 min manatla İrana gedib mal almışam. Hər “TIR”a görə də 700 manat gömrüyə pul vermişəm”.

Hakim şahidi yalan danışmağa son qoymağa çağırıb. Hakim Azad Məcidov hər 3 şirkət rəhbəri barəsində prokurorluğa məlumat veriləcəyini bildirib.

Araz Eyvazov qeyd edib ki, bu 3 şirkətinin adından mallar gəlib: “Mən bu şəxslərin heç birini tanımıram. Yəqin ki, firmalar bu yazıqların adlarına açılıb. Mən işlərimi Alqayıt və Sunay adlı şəxslərlə görmüşəm”.

Hakim adıçəkilən şəxslərin məhkəməyə gətirilməsini istəyib. Ancaq həmin şəxslər istintaq zamanı dindirilməyib və adları şahidlər siyahısında adı yoxdur.

Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyevin, “Şərur” mənzil-tikinti kooperativinin rəhbəri İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. O, Cinayət Məcəlləsinin 179 (mənimsəmə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham olunur.

PATRIOT.AZ
 Oxunub: 290 


Oxşar xəbərlər:
Ən çox oxunanlar