23-05-2020, 12:02
Natiq Əliyev: Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalı regionun ən böyük hərbi tibb müəssisəsidir

Natiq Əliyev: Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalı regionun ən böyük hərbi tibb müəssisəsidir


Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev - Ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır" fikri bu gün reallıqdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş Klinik Hospitalın ikinci müalicə korpusunun açılışı zamanı demişdir: "Bu bina və burada quraşdırılmış avadanlıq, əlbəttə ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında olan şərait və texniki təchizat burada var. Burada çalışan mütəxəssislər də böyük peşəkarlığa malikdir. Xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin əksəriyyəti gənclərdir. Bu da məni çox sevindirir. Çünki indi dünyada tibb elmi o qədər sürətlə inkişaf edir ki, bu inkişafı daim izləmək lazımdır".
Hospitalın birinci müalicə korpusu 2006-cı ildə, ikinci müalicə korpusu, psixiatriya və yoluxucu xəstəliklər bölmələrinin yeni binaları 2013-cü ildə istifadəyə verilmiş, çarpayı fondu 1000-ə çatdırılmışdır.

Hazırda hospitalda 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Ərazidə abadlıq işləri görülmüş, yaşıllıq sahələri salınmışdır. Hospitalda müasir tibbi avtomobil parkı yaradılmışdır. Bölmələr tibb heyəti ilə komplektləşdirilmiş, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla təchiz edilmişdir.

4 blokun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı eyni zamanda aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar istənilən mürəkkəb əməliyyatın aparılmasına imkan verir.
1500 kvadrat metr sahədə, 36 otaqda yerləşən laboratoriya şöbəsində ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlərin aparılması mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılmışdır. Video-müşahidə otağında olan monitorlar vasitəsi ilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.
Hərbi qulluqçuların ailə üzvlərinə və Silahlı Qüvvələrdə xidmət keçən qadın hərbi qulluqçulara akuşer-ginekoloji xidmətin göstərilməsi məqsədi ilə hospitalda müvafiq bölmə fəaliyyət göstərir.
Baş Klinik Hospitalın yeni tikilmiş müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının nümunəsidir.
Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim diqqət mərkəzində saxlamışlar. Ulu Öndərin 1993-cü ildə burada müalicə alan hərbçilərə baş çəkməsi, dövlətimizin başçısının isə, Baş Klinik Hospitalın birinci və ikinci müalicə korpuslarının açılışında iştirakı bunun əyani sübutudur.
Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan hərbi sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur. "İnsanların sağlamlığı dövlət üçün prioritetdir", - deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara olan qayğısı, habelə ordu quruculuğu sahəsinin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.

Birinci Qarabağ müharibəsi zamanı Mərkəzi Hərbi Hospitalın həkim və orta tibb heyəti öz vəzifə borcunu layiqincə yerinə yetirmişdi. Atəşkəsdən sonrakı illərdə də xəstəliklərin qarşısının alınması üçün tibb heyətinin gərgin əməyi tələb olundu. Məlumat üçün bildirim ki, hospital yarandığı dövrdən indiyədək yaralılara və xəstələnənlərə kifayət qədər yüksək tibbi yardım göstərilmişdir.
Hərbi tibb elminin inkişafı üçün Baş Klinik Hospitalda ciddi işlər görülmüşdür. Lakin son zamanlar bu imkanlar daha da genişlənmişdir.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın