Ticarət mərkəzindəki yanğınların iki mühüm səbəbi

Sahə üzrə mütəxəssislər bildirirlər ki, insanlar naqilləri düz seçmir, elektrik xətlərini çəkdirən zaman xəsislik edirlər

Avqustun 4-də Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib. Yanğın şiddətli olduğu üçün bir neçə saat qarşısını almaq mümkün olmayıb. Hadisə zamanı insanlara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı Daxili İşlər Nazirliyinin ərazidə xidmət aparan heyəti də kömək edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib. Rəsmi məlumata görə, “Sədərək”də baş vermiş yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşı olub. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları olublar. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı açıqlamasında bildirib ki, “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında söyləyib ki, ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşın, 120-dən çox yanğınsöndürən cəlb olunub. E.Mirzəyev qeyd edib ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaradılıb, dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək.

Ticarət mərkəzlərində bu cür yanğınlar tez-tez baş verir. Sonuncu dəfə ən böyük yanğın “Diqlas” ticarət mərkəzində baş vermişdi. Hazırda yanğından zərər görən binasının tamamilə söküldüyü “Diqlas”ın ümumi sahəsi ümumi sahəsi 17 559 kvadratmetr idi. Yanğın zamanı sahibkarlara xeyli ziyan dəydi. Lakin zərərin bir qismi dövlət tərəfindən ödənildi. Belə ki, ölkə prezidentinin sərəncamı ilə dövlət tərəfindən ayrılan maddi yardımdan mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara 2000 manat ödənildi.
“Diqlas”dan öncə Qara Qarayev prospektində yerləşən “X-lady” və “Ağ çiçəyim” mağazalarında da ayrı-ayrı günlərdə yanğın baş verdi. Hər iki mağazadakı yanğının baş vermə səbəbi kimi qısa qapanma göstərildi.

Yanğından niyə qoruna bilmirik?

Ekspertlər bunun səbəbi kimi müxtəlif fikirlər irəli sürürlər. Birinci variant odur ki, mərkəzdən kənarda yerləşən əksər mağazaların su anbarları, yanğını lokallaşdıran qurğuları mövcud deyil. İkinci səbəb isə gecədən səhərə qədər işlək saxlanılan cihazların xüsusilə də kondisionerlərin naqilləri qızdırması, nəticədə isə qısa qapanmanın baş verməsi göstərilir. Bu məsələ ilə bağlı “Yeni Müsavat” qəzeti olaraq indiyədək xeyli araşdırma, reportaj yazmışıq.
Qəzetimizə danışan sahə üzrə ekspert Nüsrət Qasımov hesab edir ki, insanlar naqilləri düz seçmirlər: “Öyrənmək gərəkir ki, nə qədər elektrik sərf olunacaq və naqillər bu yükə necə davam gətirəcək. İlk növbədə elektrikin yükü müəyyən olunmalıdır ki, içəridə neçə voltluq cihazlar qurulacaq. Onların hamısını nəzərə alıb, artıqlaması ilə naqillər seçilməlidir. Bütün bu proseslərdən sonra işıq xəttinə qoşulan zaman dövlət komissiyası onu qəbul etməlidir. İş prosesində həmin naqillərin yükgötürmə qabiliyyətinə uyğun olan cihazlardan istifadə edilməlidir. Əgər yükdən artıq quraşdırma olarsa, kabellər gücə düşür və qısa qapanma əmələ gəlir, yanğın olur. Obyekt tikilən zaman hər bir tikilinin qarşısında, insanların kütləvi yığışdıqları yerlərdə yanğın qolları qoyulmalı, anbarlar yaradılmalıdır. Əks halda yanğınsöndürənlər gedib, iki saat su axtarırlar. Onlar gələnə qədər də obyekt külə dönür. Həmçinin obyektin içərisində plakatlar asılıb, maarifləndirmə işləri aparılmalıdır. Yanğın şitlərinin yanında bütün lazımı avadanlıqlar yerləşdirilməlidir. Bundan da əlavə obyektdə siqnalizasiya quraşdırılmalıdır. Tüstü olan zaman bu qurğular işə düşür və hətta adi insanlar da yanğın genişlənməmiş, qarşısını alırlar. Azərbaycanda əksər obyektlərdə sadaladıqlarıma əməl edilmir”.

Elektrik naqilinin satışı ilə məşğul olan Ariz Həmidov “Yeni Müsavat”a bildirib ki, insanlar hər hansı bir evə və ya obyektə elektrik xətləri çəkən zaman, naqilləri düz seçsələr də, yanlışlığa yol verirlər: “İnsanlar avtomatların sayını az quraşdırıb, ümumi şiti balaca edirlər ki, çox xərcə düşməsinlər. Əslində isə kondisionerə, çox yük götürən cihazlara ayrıca avtomat qoyulmalıdır. Elektrik şiti isə yanar konstruksiyadan kənarda, evin və ya obyektin çölündə olmalıdır. Bizdə buna fikir verən az adam var. Əsasən də mağazalarda bu cür hallara diqqət etmirlər. Bir məsələ də var ki, insanlarda son zaman belə bir fikir yaranıb ki, naqili yanmayan borunun içərisi ilə apardıqları zaman, tamamilə sığortalanırlar. Bu da yanlış fikirdir. Hər kəs bilməlidir ki, yanmayan boru deyilən bir şey yoxdur. Bu, sadəcə olaraq izolyasiyadır və müəyyən kiçik qığılcımı sıxılaraq, söndürə bilər. Yaxud da qızma olarsa və xətt yanar konstruksiyanın üzərindən keçərsə, həmin boru yanmanın qarşısını ala bilər. Ancaq qısa qapanma varsa, içəridə güclü qızma gedirsə, boru da yavaş-yavaş əriyib, yanacaq. Ona görə də xətləri mümkün qədər daşın və ya digər yanmayan konstruksiyanın üzəri ilə aparıb, bundan sonra boruya salmaq lazımdır. İnsanlar naqil seçən zaman çox da xəsislik etmirlər. İşi gördürən zaman isə ya özləri edirlər, ya da elektrikdən anlayışı olmayan adama iş gördürürlər. Nəticə isə ağır olur”.

Onu da qeyd edək ki, konkret olaraq “Sədərək” ticarət mərkəzində bundan öncə baş verən yanğınlar zamanı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən zərər görmüş sahibkarlara kompensasiya ödənilib. Hazırda isə hələ ki, dəymiş zərərin miqdarı hesablanmadığı üçün kompensasiya barəsində də heç bir məlumat verilmir.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın