Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək


Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə üz-üzə gələcək.

“Bakcell Arena”da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub – 1:3.

Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb. Beləliklə, rəqib Bakıya 3 qapıçı, 20 meydan oyunçusu ilə gəlib.

Azərbaycan yığmasından isə öncədən komandaya çağırılan Eddi İsrafilov zədəlidir.

Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda 2:0 hesabı ilə üstələyib.

Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki matça sıfır xalı olan Azərbaycan isə sonuncu yerdədir.

AVRO-2020, seçmə mərhələ, IV tur

11 iyun

20:00. Azərbaycan – Slovakiya

Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson

“Bakcell Arena”
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın