“Pul istəmirəm!” – Övladları əlil özü xəstə olan anaya qurumlar “bizlik deyil” deyir



Övladları ömürlük birinci qrup olan ana yardım istəyir. O, bir neçə dəfə dövlət qurumlarına müraciət etsə də, bu, faydasız olub.

Minval.info-nun redaksiyasına daxil olan məlumata görə, Cəlilabad rayon sakini İmanova Gülzar problemimi ictimailəşdirməklə onun həllinə nail olmağı düşün. O, beynəlxalq təşkilatlardan, bir də QHT-dan kömək istədiyini bildirir.

“Mən 1958-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ailə qurduqdan sonra Cəlilabad rayon Kazımabad kəndinə köçmüşəm. Hazırda Cəlilabad rayon Kazımabad kəndində yaşayıram. Həyat yoldaşım vəfat edib. Himayəmdə 1983-cü il təvəllüdlü İmanov Fariz Fərman oğlu, 1986-cı il təvəllüdlü İmanov Pərviz Fərman oğlu iki övladım var, hər ikisi ömürlük birinci qrup əlildirlər. Hər uşağım pensiya alır. Xəstə və yaşlı olduğum üçün bu iki övladımı dövlətin himayəsinə verilməsinə görə, Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini Dürdanə xanıma müraciət etdim, “bizlik deyil” deyə cavab verdi (hazırda vəzifəsindən azad edilib), daha sonra DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etdim, onlar da eyni cavab verdilər. Mən daha Sonra əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət etdim (Nazirlər Kabinetinin 05 noyabr 2013-cü il N-320 saylı qərarını əsas tutaraq). 12 aprel 2019-cu ildə DSMF-nun müavini Səfər Mehtiyevdən cavab gəldi ki, sənədləri DSMF-nin Cəlilabad rayon şöbəsinə təqdim edim. Mən həmin sənədləri təqdim etsəm də, problemim həll edilmədi. Bundan sonra dəfələrlə ƏƏSMN-nin “qaynar xətti”nə zəng edib, desəm də, bir faydası olmadı. Bir daha nazir Sahil Babayevə şikayət ərizəsi yazdım, lakin şikayətimə baxılmır. Hər gün DSMF-nun Cəlilabad şöbəsinə getsəm də, heç bir nəticəsi yoxdur. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə müraciət etsəm də bir nəticəsi yoxdur”.

Gülzar xanım bildirir ki, uşaqlarına verilən pensiyanı istəmir, tək istəyi odur ki, dövlət övladlarını himayəsinə götürsün: “Yaşlı anayam, artıq baxa bilmirəm. Ailə başçı olan həyat yoldaşım da vəfat edib”.

Yazıda adı keçən qurumların və vəzifəli şəxsləri dinləməyə, eləcə də mövqelərini saytımızda dərc etməyə hazırıq.

“Pul istəmirəm!” – Övladları əlil özü xəstə olan anaya qurumlar “bizlik deyil” deyir
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın