Xəbər lenti
» » “Quska”nın məhkəməsində ilginc ifadələr, milyonluq ittihamlar

“Quska”nın məhkəməsində ilginc ifadələr, milyonluq ittihamlar

Tarix: 25 aprel 11:51
“Quska”nın məhkəməsində ilginc ifadələr, milyonluq ittihamlar















Hüseyn Abdullayevin və ailəsinin Bakıda mülkləri, torpaq sahələri, obyektləri barədə məhkəmədə sensasion faktlar açıqlandı; prosesdə başqa yeni və maraqlı məlumatlar səsləndirildi

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəməyə hakim Həbib Həsənov sədrlik edib.

Minval.info xəbər verir ki, məhkəmə iclasında şahid qismində Gözəl Bayraməliyeva ifadə verib.

O bildirib ki, Zeynəb Abdullayeva onun baldızıdır. Şahid ifadəsində deyib ki, istintaqda dindirilən zaman ona Zeynəb Abdullayeva ilə arasında olan telefon danışıqları barədə suallar verilib.

“Mənə dedilər ki, nə danışırdınız? Dedim ki, Zeynəb xanım mənim canım, qanım, əzizimdir. Adam qohumu ilə telefonla danışmaz? Danışıqlarımız da bu məqsədlə, hal-əhval tutmaq məqsədilə olub. Sonra soruşdular ki, Zeynəb Abdullayevanın xaricə getməsini bilirsənmi? Dedim, xəbərim yoxdur, gedəndə məndən icazə almalıdır? Biz onun ancaq Culfaya getdiyini bilmişik. Bir həftə sonra bundan xəbər tutduq. Sonra Hüseyn Abdullayevlə danışığımızı soruşdular. Mən ancaq Zeynəb xanımın nömrəsini bilirdim. Danışanda da onunla danışırdıq. Zeynəb xanım tayfada toyu, yası olanlara 200-300 dollar kömək edirdi. Xəstəsi olanlar ona müraciət edirdi.

İstintaqda dedilər ki, Hüseyn Abdullayevanın mənə külli miqdarda pul göndərməsi ilə bağlı onlarda məlumat var. Almaniyada, Türkiyədə bizneslərinin olduğunu dedilər. Mən də məlumatsız olduğumu söylədim. İndi heç bacı qardaşın malını bilmir”.

Sualları cavablandıran Gözəl Bayraməliyeva digər təqsirləndirilən İntiqam Babayevin (İntiqam Babayev Zeynəb Abdullayevanın ölkədən qanunsuz olaraq çıxmasına kömək etməkdə ittiham edilərək həbs edilib- İ.M) də qohumu olduğunu deyib.

Daha sonra məhkəmədə Tural Mahmudov ifadə verib. Hazırda Yasamal Rayon Məşğulluq İdarəsində sektor müdiri vəzifəsində çalışdığını deyən T.Mahmudov bildirib ki, istintaqda “Sovetski” ərazisində söküntü aparılan zaman Abullayevlərin adına olan evlərin sökülməsi ilə bağlı sualları cavablandırıb.

T.Mahmudov həmin ərəfədə Yasamal Rayon İcra Hakimiyyətində hüquqşünas vəzifəsində çalışdığını deyib: “Bir neçə il əvvəl olduğu üçün tam xatırlamıram. Amma təxminən 7 ev Abdullayevlərə məxsus idi. Söküləndə onlara kompensasiya verildi”.

Bildirək ki, bu iş üzrə 3 sabiq Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı da təqsirləndirilən şəxsdir. Onlar Zeynəb Abdullayevanın sərhəddən bacısının pasportu ilə keçməsinə görə həbs edilib, sonra da ev dustaqlığına buraxılıblar.

Həmin 3 nəfərdən biri olan Pərviz Kazımov məhkəmədə ifadəsində deyib ki, Zeynəb Abdullayeva sərhədi keçən zaman pasportuna baxıb. Ona məlum olub ki, pasportdakı şəxs fərqli adamdır. Pərviz söyləyib ki, buna görə növbədə olan Həbib İbrahimova deyib. Amma o, buna məhəl qoymayıb və buna görə də onunla mübahisə edib.

Zeynəb Abdullayeva bildirib ki, onlara salam verən hamını çağırıblar: “Bu adamlar burada niyə dindirilir? Bizə salam verdiyinə görə? Heç mənim qızım, oğlum bilməyib ki, hara getmişəm. Camaata izahat verəcəkdim?”

Şahid Ceyhun Həsənquliyevə bu iş üzrə zərərçəkmiş şəxs olan Elnur Məmmədova hədə-qorxu gəlinməsi ilə bağlı suallar verilib. Şahid deyib ki, sürücü kimi Elnur Məmmədovun yanına 4-5 dəfə gedib:

“Cəmi 4500 manat pul almışam. Onu da Zeynəb xanım deyib, gedib götürmüşəm. Heç kimlə də mübahisəm, söz-söhbətim olmayıb. Həmin puldan da 1000 manat götürdüm. Zeynəb xanıma da dedim ki, pulumuz yoxdur”.

Zeynəb Abdullayeva deyib ki, zərərçəkmiş kimi tanınan Elnur Məmmədov kimi mərdimazar adam yer üzündə yoxdur: “Burada gülməli bir məsələ var. Deməli, Elnur Məmmədov bizim obyekti icarəyə götürüb. Amma icarə haqqını ödəməkdən imtina edib. Buna görə də onunla dəfələrlə danışığımız olub. Amma pulu ödəməkdən imtina edib. İndi necə olub ki, bizə pul verməli olan adam zərərçəkmiş olub? Ona kim hədə-qorxu gəlib? Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən bəlkə də Fəzail Ağamalıdan bir faiz incimişəm. Amma bu Elnurdan çox incimişəm, onun kimi adam bəlkə də yer üzündə yoxdur”.

Məhkəmə iclasının davamında mülki iddiaçı kimi tanınan Vergilər Nazirliyinin nümayəndələri çıxış edib. Məlum olub ki, Hüseyn Abdullayevə ayrı-ayrılıqda 4 epizod üzrə vergidən yayınma ittihamı verilib. İlk ittiham Hüseyn Abdullayevin faktiki rəhbəri olduğu “Araz” MMC ilə bağlı olan 1 milyon 269 min manatdır. İttihama görə, MMC fəaliyyəti dövründə qeyd edilən məbləği vergiyə ödəməkdən yayınıb. İkinci ittiham isə “Kənan S” MMC ilə bağlıdır. İttihamda göstərilir ki, MMC 1802 manatı vergidən yayındırıb. Hüseyn Abdullayev buna etiraz edib. Bildirib ki, “Kənan S” adlı şirkəti olmayıb:

“Bu əsassız ittihamdır. Şirkət kimindirsə, xəbərim yoxdur. ”Araz”la bağlı ittiham da uydurmadır. Həmin məbləğ vergi tərəfindən alınıb, amma rəsmiləşdirilməyib və mənə yenidən ittiham verilib”.

Zeynəb Abdullayeva da eyni məzmunlu çıxış edib. Əlavə edib ki, “Araz” MMC ilə bağlı vergi borcu tam olaraq ödənilib.

Vergilər Nazirliyinin digər nümayəndəsi Xəyal Məmmədov isə digər iki epizod üzrə ittihamı səsləndirib. Bildirib ki, Z.Abdullayevanın adına olan “Araz S.A” şirkəti 171 min 500 manat torpaq vergisini ödəməyib. Məlumata görə, Abdullayevlərə məxsus olan Şıxovdakı 4.3 hektar torpaq sahəsi üçün torpaq vergisi ödənməli imiş. Lakin ödənilməyib. Sonradan isə həmin torpaq sahəsinin 13.8 hektar olduğu məlum olub. 2011-2017-ci illər ərzində həmin torpaq sahəsinə görə 171 min 500 manat vergi ödənməli imiş. Xəyal Məmmədovun dediklərindən məlum olub ki, Hüseyn Abdullayev özü fiziki şəxs kimi 22 milyon 246 min manatı vergidən yayındırıb.

Belə ki, ittihama görə, Hüseyn Abdullayev ölkə daxilindəki biznesdən əldə etdiyi 110 milyon manatın 20 faizini vergiyə ödəməli olduğu halda bundan yayınıb.

Hüseyn Abdullayev bu çıxışa kəskin etiraz edib. Hüseyn Abdullayevi anası sakitləşdirib.

Hüseyn Abdullayev söyləyib ki, həmin torpaq sahəsi 13.8 hektar yox, 4.3 hektardır: “Həmin torpaq bizim olub. Bizdə olan vaxta qədər də vergisi ödənilib. 2013-cü ildə torpağı zəbt ediblər. İndi orada yük maşınları saxlanılır. Gedib araşdıra bilərlər. Bizim olmayan torpağa görə vergi ödəməli idik? Həm də 13.8 hektar haradan oldu? Bunu kim ölçüb? Rəsmi sənədlər var. Necə oldu ki, bütün bu işlər 2013-cü ildən sonra başladı. Mən Almaniyada siyasi sığınacaq alandan sonra bu cür təzyiqlər başladı”.

Vergilər Nazirliyinin nümayəndəsi Xəyal Əhmədov araşdırmaların nazirlik tərəfindən yox, istintaq orqanı tərəfindən aparıldığını bildirib: “Vergilər Nazirliyi səyyar yoxlama aparmayıb. İstintaq orqanı özü yoxlama aparıb və bizə müraciət edib. Bundan sonra biz mülki iddiaçı kimi tanınmışıq. Biz istintaq orqanının ekspertlərinin rəyinə əsasən buradayıq”.

Hakim Xəyal Əhmədova sual verib ki, istintaq orqanı araşdırsa da niyə Vergilər Nazirliyi səyyar yoxlama aparmayıb? Xəyal Əhmədov bildirib ki, belə bir səlahiyyətləri yoxdur ki, araşdırma üzərinə araşdırma aparsınlar.

Məhkəmə heyəti bildirib ki, bütün hallarda Vergilər Nazirliyi səyyar yoxlama aparıb, mülki iddialarını müdafiə etməlidir. Hakim qeyd edib ki, növbəti prosesdə ekspertlər şahid qismində dindiriləcək.

Bu sözləri Hüseyn Abdullayev alqışla qarşılayıb: “Sağ olun, möhtərəm hakim”.

Hüseyn Abdullayev 22 milyonluq ittihamla bağlı da danışıb: “Başa düşmürəm ki, bu rəqəmlər haradan çıxıb? Mənim xaricdəki biznesimlə bağlı mənə ittiham verilib. Xaricdə qazanıramsa, ölkədəki vergidən yayınıram? Mən deputat olmamışdan əvvəl bizneslə məşğul olmuşam. 1997-ci ildə Ukraynaya metal satırdım. Həmçinin başqa ölkələrdən də Ukraynaya metal gətirirdim. Ən yaxşı qazancım da həmin illərə təsadüf edir. Mənə ittiham verilib ki, guya 2000-ci ildən metal biznesi ilə məşğul olub vergidən yayınmışam. Bircə nəfər gətirin, desin ki, məndən 1 kiloqram metal alıb və ya mən ondan 1 kiloqram metal almışam. Əgər olsa, mən günahkaram.

Burada utopik rəqəmlər, fikirlər var. Ailəmin, qohumlarımın adına olan əmlaklar, xaricdə olan bank hesablarımdan, xaricdəki biznesimdən pul köçürmələri, bütün işləri üst-üstə gəliblər, özlərindən rəqəmlər düzəldiblər. İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxli var?”

Məhkəmədə məlum olub ki, Hüseyn Abdullayev barəsində iki cinayət işi açılıbmış. Biri 2013-cü, digəri isə 2015-ci ildə. Sonradan iki cinayət işi birləşdirilərək Hüseyn Abdullayevə ittiham irəli sürülüb.

Məhkəmə iclası davam etdiriləcək. Hüseyn Abdullayev və anası məhkəmənin sonunda hakimlər heyətinə razılığını bildiriblər. Məhkəmənin ədalətli araşdırma apardığını söyləyiblər.

“Hələ ki yaxşı gedir. Görək sonda necə olacaq?”- deyə Hüseyn Abdullayev qeyd edib.

Xatırladaq ki, ötən prosesdə Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımovun vəkilləri çıxış edib. Vəkillər vəsatət qaldıraraq, onların barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər. Həmin şəxslər H.Abdullayevin anasına sərhədi keçərkən kömək etməkdə ittiham edilirlər. Vəsatətlər təmin olunub və hər üç şəxs ev dustaqlığına buraxılıb.
 Oxunub: 45 


Oxşar xəbərlər:
Ən çox oxunanlar