Xəbər lenti
» » Dünya ölkələrinin quduz itləri zərərsizləşdirmə təcrübəsi

Dünya ölkələrinin quduz itləri zərərsizləşdirmə təcrübəsi

Tarix: 25 aprel 10:09
Dünya ölkələrinin quduz itləri zərərsizləşdirmə təcrübəsi















“Küçə itlərinin öldürülməsi problemin həllinə minimal təsiri olan yoldur”

Son günlər sahibsiz küçə itləri ilə bağlı ölkə ictimaiyyətində geniş müzakirələr gedir. Küçə itlərinin sayının durmadan artması və onların insanlara, uşaqlara hücum etməsi vəziyyəti bir qədər də dramatikləşdirib. Rəsmi məlumatlara görə, bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfər heyvan zədəsi (cırmaqlama, dişləmə) ilə əlaqəli müvafiq tibb müəssisələrinə müraciət edib. Builki statistikaya görə, ölkədə hər gün orta hesabla 54 nəfəri it dişləyib.

Ötən ilin oktyabr ayına qədər paytaxtdakı sahibsiz küçə itləri ilə bağlı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki Təmizlik İdarəsi məşğul olurdu. Lakin sonradan qurumun fəaliyyəti dayandırıldı. Bu ilin mart ayından isə Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində sahibsiz itlərə sahib çıxan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi açılıb. Quruma gətirilən itlər tibbi müayinədən keçirilir, peyvəndlər vurulur, qısırlaşdırma və digər prosedurlar aparılır. Lakin küçələrdə itlərin sayı çox olduğu üçün qurum təkbaşına böyük nəticələr əldə edə bilmir.

Bəs dünya təcrübəsi necədir? Dünyanın inkişaf etmiş ölkələrində küçə itləri ilə bu kimi məsələlər necə tənzimlənir?

Bu barədə “Yeni Müsavat”a danışan, tez-tez müxtəlif ölkələrdə səfərlərdə olan Bəxtiyar Hacıyev aşağıdakıları söylədi:

“Sahibsiz küçə itləri dünyanın bir çox ölkələrində, əhalinin sıx yaşadıqları yerlərdə ciddi problemə çevrilmiş, zaman-zaman müxtəlif dövlət qurumlarının bu problemin həlli üzərində müxtəlif həll yolları axtardıqları problemdir. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə ən qısa və asan yol kimi görünən, ancaq reallıqda problemin həlli olmayan yol seçilərək, küçə itlərinin öldürülməsi yolu seçilib. Dünya praktikası, əvvəllər bu problemlərlə üzləşən böyük şəhərlərin təcrübəsi isə göstərir ki, küçə itlərinin öldürülməsi yalnızca qeyri-insani rəftar deyil, eyni zamanda problemin həllinə minimal təsiri olan həll yoludur. Çünki sahibsiz itlərin tapılması, insanların gözü qarşısında güllələnməsi, toplanması həm kifayət qədər vəsait, həm kifayət qədər insan resursu tələb edir, həm də itlər qida, su, yaşamaq üçün minimal şərtlərin olduğu yerlərdə sürətlə balalayır və artırlar, yenidən əvvəlki saya çatırlar. Digər inkişaf etmiş ölkələrdə itlərin öldürülməsi, yəni evtanaziyası çox nadir hallarda, ən son çarə kimi atılan addımdır və bu zaman itlərin insanların gözü qarşısında güllələnməsi yox, daha insani yollar seçilir. Sahibsiz küçə itlərinin bir sığınacağa toplanması və orada həm tibbi, həm də fiziki nəzarətdə saxlanması praktikası da mövcuddur, lakin bu da kifayət qədər böyük insan və maliyyə resursu tələb edən, eyni zamanda heç vaxt bütün itləri əhatə edə bilməyəcək yoldur. Azərbaycanda da belə sığınacaqlar mövcuddur, lakin küçə itlərinin sayı ilə nisbətdə çox az it bu sığınacaqlarda saxlana bilir”.

Hacıyev bildirib ki, daha çox müraciət olunan yol küçə itlərinin sayını və sağlamlığını nəzarətdə saxlamaq üçün onların toplanıb, müvafiq peyvəndlərin vurulması, qısırlaşdırılması və yenidən küçələrə buraxılması praktikasıdır:

“Bu zaman onların sayının sürətlə artmasının qarşısı alınır, küçə itlərinin özlərinin sağlamlığı qorunur və onlarla təmasda olan insanların sağlamlığına vurula biləcək zərər önlənmiş olur. Küçə itlərinin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da sayının əhəmiyyətli olmasını, eyni zamanda onların arasında xəstəliklərin sürətlə yayılmasının qarşısının alınması, insanlara xəstəliklərin keçməsini önləməyin vacib olmasını və bu işlərin bir çox insan və maliyyə resursu tələb etməsini nəzərə alaraq, dövlət bu sahədə çalışan QHT-lərlə sıx əməkdaşlıq etməli, heyvan hüquqlarına həssas təşkilatlara maliyyə yardımı ayırmalı və insan resurslarının böyük bir hissəsi könüllülərdən ibarət olmalıdır. Bu QHT-lər və onların könüllü heyvansevər üzvləri küçə itlərinin qısırlaşdırılması və peyvəndlənməsi, işarələnib, müvafiq yerlərə qaytarılması işlərini dövlətdən daha effektiv həyata keçirməklə yanaşı, əhalidən küçə itləri haqqında məlumatları da daha operativ toplaya və insanlar arasında da küçə itləri ilə rəftar qaydaları barədə daha effektiv maarifləndirmə işləri apara bilərlər”.
 Oxunub: 66 


Oxşar xəbərlər:
Ən çox oxunanlar