Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.
Qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, habelə korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilib.