
Ekspert: “Birinci kateqoriyalı ”xruşşovka”ların fundamenti yoxdur“
Rusiyanın Sankt-Peterburq şəhərində 5 mərtəbəli İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin binası uçub. Rusiya KİV-in məlumatına görə, universitetin dam örtüyü 5-ci mərtəbədən ikinci mərtəbəyədək çöküb. Dağıntılar arasında əvvəlcə 20 tələbinin qaldığı iddia edilsə də, məlumat təsdiqini tapmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) son məlumatına görə, 80 nəfərdən çox insan binadan təxliyə olunub.
Yada salaq ki, ötən il dekabrın 31-də Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib, hadisə nəticəsində 120 nəfərin yaşadığı bina çökmüşdü.
Ekspertlər binaların köhnə olmasının bu cür hadisələrin əsas səbəbi olduğunu bildirilər. Bakıda da xeyli sayda beşmərtəbəli binalar var ki, onların istismar müddəti çoxdan başa çatıb. Hazırda Bakıda bir sıra ərazilərdə söküntü-tikinti işləri aparılır. Lakin sökülən binaların əksəriyyəti 1-3 mərtəbəli binalardır. Hələ ki, beşmərtəbəli “xruşşovka”lara sıra çatmayıb.
2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə məsələ ilə bağlı Nazirlər Kabinetinin də qərarı oldu. Belə ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi.
Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir və yuxarıda da qeyd etdiyimiz kimi 5 mərtəbəli deyil, əsasən 2-3 mərtəbəli binalar sökülərək, yerində çoxmərtəbəli tikililər ucaldılır. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev küçəsində artıq 3 ildir ki, 2 mərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır.
Lakin “xruşşovka”ların söküntüsü ləngiyir. Hələ də sökülməsi nəzərdə tutulan 1-ci mikrorayon ərazisində olan 5 mərtəbəli binalar, Nizami rayonu ərazisindəki “xruşşovka”lar sökülməmiş qalıb.
2016-cı ildə bildirilirdi ki, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektar, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729 kimi qeyd olunmuşdu. Bu gün bir çox “xruşşovka”ların zirzəmisi su ilə doludur. Bu isə xüsusilə də aşağı mərtəbələrdə yaşayan sakinlər üçün əlavə xəstəlik mənbəyi yaradıb.
