Xəbər lenti
» » Rövnəq Abdullayev: SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir

Rövnəq Abdullayev: SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir

Tarix: 08 fevral 12:13
Rövnəq Abdullayev: SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir















SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin ötənilki nailiyyətləri və gələcək hədəfləri, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurları, istifadəyə verilən yeni zavodların əhəmiyyəti, yeni kəşfiyyat-hasilat planları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.

- 2018-ci il SOCAR-ın iri layihələrinin tamamlanması, Azərbaycanda və xaricdə bir çox yeni strateji müəssisələrin açılışı ilə yadda qaldı. Rəhbərlik etdiyiniz şirkət üçün ötən ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Keçən il şirkətimiz üçün uğurlu oldu. İllər əvvəl başladığımız ən böyük və strateji layihələr məhz 2018-ci ildə tamamlandı və Azərbaycan neftçiləri çəkilən zəhmətin bəhrəsini görməyə nail oldular. Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli meqa layihənin üç seqmenti – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və TANAP-ın Əskişəhərə qədər olan hissəsi istismara başladı.

Dəhliz vasitəsilə ilk qaz – 1,1 milyard kubmetrdən çox həcmdə Türkiyə bazarına nəql edildi. Əlbəttə ki, qarşıdakı illərdə bu rəqəm daha da yüksələcək və ildə 6 milyard kubmetrə çatacaq.

“SOCAR Polymer” kompleksinin polipropilen zavodu, Türkiyənin Əliağa yarımadasında “Star” neft emalı zavodu, Egey dənizinin ən böyük konteyner limanı olan “Petlim” istifadəyə verildi. Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatdırıldı.

Yüksək texnoloji tələblər səviyyəsində daha bir dəniz özülünü öz daxili imkanlarımızla inşa edərək “Bulla dəniz” yatağında quraşdırıb istismara verdik.

Müxtəlif sahələrdə geniş vüsət alan bu layihələrin təməlini hələ illər əvvəl Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu.

Ölkə başçısının göstərdiyi strateji kursu rəhbər tutaraq SOCAR ötən 10 il ərzində idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə bütün sahələrdə islahatlar keçirib, əməliyyat effektivliyini yüksəldib. Dövlət başçısının qarşımızda qoyduğu əsas hədəflərdən biri də tək bir əmtəə növündən asılılığı azaltmaq idi.

SOCAR bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırdı, qlobal bazarları kəşf etməyə başladı. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrildi.

İndi, SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir. Xarici bazarlarda əldə etdiyimiz gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir. Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesimizi genişləndiririk.

Mayeləşdirilmiş təbii qaz (LNG) kimi bizim üçün yeni olan bir əmtəə bazarına 2017-ci ildə daxil olmağımıza baxmayaraq, cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəmizi 4 dəfədən çox artırmağa nail olmuşuq.

Ötən ilin uğurlu nəticələrini bu ilin əvvəlində də davam etdirdik. Daha bir yeni müəssisəmiz – Karbamid zavodu istismara verildi.

Yüksək azot tutumuna malik olan karbamid gübrəsi əvvəllər Azərbaycana idxal olunurdu. İndi isə bu zavod daxili tələbatı tam təmin edəcək, üstəlik məhsulunun 70 faizdən çoxunu xarici bazarlara ixrac edərək ölkəyə hər il yüz milyonlarla əlavə gəlir gətirəcək.

“SOCAR Polymer” kompleksində istehsal olunan polipropilen məhsulu bu gün Türkiyə və Ukraynaya ixrac edilir. Gələcəkdə məhsulun MDB və Avropa ölkələrinə də ixrac edilməsi nəzərdə tutulur.

Kompleksin ümumi istehsal həcmi cari ildə 220 min ton təşkil edəcək, sonrakı illərdə isə 300 min tona çatdırılacaq. Hazırda əsasən avtomobil və dəmir yolu vasitəsilə nəql olunan polimer məhsullarının gələcəkdə, həm də dəniz yolu ilə ixrac edilməsi nəzərdə tutulur.

- Ötən il SOCAR üçün bir çox yeni zavodların açılışı ilə yadda qaldı. Lakin şirkətin ənənəvi əməliyyat sahələri olan kəşfiyyat və hasilatda da böyük işlər görülür. Siz bu istiqamətdə şirkətin inkişaf perspektivlərini və ümumiyyətlə gələcək biznes portfelinizdə kəşfiyyat və hasilatın yerini necə görürsünüz?
- Son illərdə yeni istehsalat sahələrinin yaradılması, neft və kimya məhsullarının istehsalı, nəqli, satışı kimi yeni sahələr üzrə fəaliyyətimiz inkişafın dayanıqlılığını təmin edib, əməliyyatlarımızın sabitliyinə töhfə verib.

Əgər bir məqamda bir əmtəənin qiyməti düşərsə, portfelimizdə olan digər əmtəə və xidmət növlərindən daxil olan gəlirin artması həmin itkiləri kompensasiya edərək yekun nəticəni müəyyən qədər tarazlaşdıracaq. Lakin bunu da nəzərə almaq vacibdir ki, bizim biznes neft və qaz sahəsinin dəyər zənciri ilə bağlıdır.

Yeni zavodların davamlı fəaliyyəti onların xammalla fasiləsiz təchizatından asılıdır. Məhz buna görə neft və qaz yataqlarının işlənməsinə sərmayə qoyuluşları davam etdirilir və biz bütün istiqamətlərdə olduğu kimi bu istiqamətdə də dövlət dəstəyini daim hiss edirik.

Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsi artıq ikinci mərhələyə keçib, bu da qarşıdakı illərdə ölkəmizin qaz hasilatına ildə əlavə 16 milyard kubmetr gətirəcək.

“Abşeron”, “Ümid” və “Qarabağ” kimi yeni yataqlarımız Azərbaycanın karbohidrogen ehtiyatlarının əvvəl gözlənildiyindən daha böyük olduğunu göstərir. SOCAR-ın “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7400 metrdən çox olacaq.

Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq. Daha sonra həmin qurğu “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq.

“Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Özülün dayaq blokunda işlərin 60 faizi artıq tamamlanıb.

Eyni zamanda, layihə üzrə yekun mühəndisi layihələndirmə işləri aparılır. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır.

BP şirkəti ilə müştərək işlənilən “D-230” layihəsi üzrə cari ildə qrafikə uyğun olaraq ilkin seysmik kəşfiyyat işləri aparılmalıdır. Həmçinin, BP ilə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin aparılması üçün süni adanın salınması məsələsi də nəzərdən keçirilir.

Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır.

“Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür.

Son 2 il ərzində SOCAR qazma işərinin ümumi həcmini 66 faiz artırıb. Bizim qazmaçılar və hasilatçılar Xəzər dənizinin geoloji baxımdan ən mürəkkəb yataqlarında işlədiklərinə baxmayaraq, 2015-ci ildən bəri “Bulla Dəniz” və “Ümid“ yataqlarında 1000 atmosferə yaxın təzyiq altında 6000 metrdən çox dərinlikdə 4 quyu qazaraq, təhvil veriblər.

“Ümid” yatağında qazılan yeni quyunun dərinliyi isə artıq 6810 metrə çatdırılıb, onun qazılması yaxın zamanda tamamlanacaq.

Sadaladığım bütün bu yeni yataq və perspektivli strukturların işlənilməsi qarşıdakı illərdə və onilliklərdə Azərbaycanda təbii qaz hasilatını qat-qat artırmağa, neft hasilatını stabilləşdirməyə imkan yaradacaq.

Gələcək illərdə strateji hədəflərimiz ölkəmizin daxili tələbatını tam ödəmək, enerji təhlükəsizliyini davamlı olaraq təmin etmək, Azərbaycanda və xarici ölkələrdə yeni investisiya imkanlarını araşdırmaq, dəyər zəncirimizi təkmilləşdirərək, gəlirləri daha da artırmaqdır.

2018-ci ildə respublikamızda təbii qaz hasilatının önəmli dərəcədə artırılması nəticəsində biz xaricdən qaz idxalından bütövlüklə imtina etdik. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın iki qitənin arasında strateji enerji mərkəzinə çevrilməsinə imkan verəcək.

Müxtəlif ölkələrdə geniş vüsət alan beynəlxalq iqtisadi əməliyyatlarımız ölkəmizin iqtisadi və siyasi müstəqilliyinə güc qatacaq, onun beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək.
 Oxunub: 28 


Oxşar xəbərlər:
Ən çox oxunanlar