Xəbər lenti
» » "Qlobal Enerji Azərbaycan" LTD-nin xəyanəti - İTTİHAM

"Qlobal Enerji Azərbaycan" LTD-nin xəyanəti - İTTİHAM

Tarix: 23 may 11:19
"Qlobal Enerji Azərbaycan" LTD-nin xəyanəti - İTTİHAM















Müasir Azərbaycan iqtisadiyyatının inkişafında xarici investorların müstəsna xidmətləri var. Ölkə əhalisinin işlə təmin olunmasında və iqtisadi yüksəlişin dinamikasında önəmli rol oynayan xarici şirkətlər dövlətimizin uğurlu siyasəti və qayğısı sayəsində hər il öz maliyyə yatırımlarını artırmaqda davam edirlər. Sözsüz ki, bu da dövlətimizin hər baxımdan inkişafına birbaşa təkan verir.

Yeraltı təbii sərvətlərin, əsasən də neft ehtiyatlarının hasilatında diqqət çəkəcək qədər əhəmiyyətə malik olan xarici neft şirkətlərinin ölkəmizin neft təchizatında və təminatında xüsusi çəkisi vardır. Avropanın enerji təhlükəsizliyi baxımından önəmli söz və iş sahibi olan Azərbaycan bu siyasətdə həmişə uğur qazanmışdır. “Qlobal Enerji Azərbaycan” LTD neft şirkəti də uzun illərdir ki, ölkəmizdə neft hasilatı ilə məşğuldur. Digər xarici şirkətlərlə olduğu kimi, adı çəkilən neft şirkəti ölkəmizin ekologiyasına ziyan vurmaması, əksinə şirkətin fəaliyyət göstərdiyi yerlərdə ekologiyanın bərpası ilə bağlı dövlətimizin qarşısında çox vacib öhdəliklər götürmüşdür. Ancaq “Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? Bu suala çalışacağıq ki, müəyyən qədər aydınlıq gətirək.

Yuxarıda adı çəkilən xarici neft şirkəti uzun illərdir ki, ölkəmizin Muğan, Şirvan və Bakı şəhərinin ərazilərində neft hasilatı ilə məşğuldur. Pul qazanırlar, həm də büdcəmizə pul ödəyirlər. Bunun üçün sağ olsunlar. Ancaq bu o demək deyil ki, şirkət ekoloji öhdəliyini nəinki yerinə yetirməsin, əksinə flora və faunamıza uzun illər bərpası mümkün olmayan, sağalmaz yara vursun. Sözlərimizin təsdiqi üçün əlimizdə təkzib olunmaz çoxlu faktlar var. Bu faktları bir-bir sadalayaq ki, hörmətli vətəndaşlarımız da ərazidə ekoloji vəziyyətin nə qədər ağır olduğundan xəbərdar olsunlar.

“Qlobal Enerji Azərbaycan”-ın Şirvan şəhərində yerləşən “Qarasu” və “Şirvan” əməliyyat şirkətlərinin balansında olan ərazilərdə istismar müddətini başa vuraraq ləğv edilmiş 2000 civarında ölü neft quyuları var. Bu ləğv edilmiş quyular vaxtaşırı yoxlanmadığından və rüblük monitorinqlər keçirilmədiyindən atmosferə həm qaz sızıntısı, həm də yeraltı qurunt sulat axıdır. Nəticədə həm yerüstü bitki örtüyünün məhv olmasına, həm də Şirvan şəhərinin havasının çirklənməsinə səbəb olur. Şəhər əhalisi arasında bronxial-astma xəstəliyinin sürətlə yayılmasında adı çəkilən şirkətlərin müstəsna xidməti var. Nəzərə alsaq ki, bu xəstəlik getdikcə gəncləşir, vəziyyətin nə qədər acınacaqlı olmasını sübut etməyə ehtiyac qalmır. Bu da əhalimizin genefonuna çox ağır zərbə vurur.

“Şirvan” və “Qarasu” əməliyyat şirkətləri neft mədənlərinin ətrafında müqavilə şərtlərinə uyğun heç bir yaşıllaşdırma işləri aparmır. Eyni zamanda neft hasilatı quyularının ətrafında eroziyaya uğramış torpaq sahələrinin münbitləşməsi üçün heç bir iş görülmür. Şirkətlərə məxsus ağır tonnajlı yük maşınları mədənlərə getmək üçün təyinatı üzrə yollardan deyil, müxtəlif istiqamətlərdən hərəkət etdikləri üçün ərazidə bitki örtüyünü amansızca məhv edirlər. Nəticədə bu bitki örtüyü ya tamamilə məhv olur, ya da bərpası çox uzun illərə başa gəlir. Adı çəkilən şirkətlərin təbiətimizə qarşı amansız rəftarına görə ərazidə olan canlı aləm göz görə-görə məhv olur. Bu haqda həm şirkət rəhbərlərini, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyini xəbərdar etsək də, heç bir nəticəsi olmayıb.

“Qlobal Enerji Azərbaycan” LTD-nin Neftçala əməliyyat şirkəti haqqında isə ayrıca danışmaq istəyirik.

Hər kəsə məlumdur ki, Neftçala rayonunun ərazisi başdan-başa şoran torpaqlarla örtülmüşdür. Rayonun elə ərazisi var ki, orada heç bir əkin işləri aparmaq olmur. Bu şoran torpaqların da özünəməxsus flora və faunası var. Elə nadir bitkilər var ki, ancaq şoran torpaqlarda bitir və bu bitkilərin varlığı ətraf mühitə çox böyük müsbət təsir edir. Acı təəssüflə bildiririk ki, Neftçala əməliyyat şirkətinin ucbatından neft hasilatı ərazilərində nə bu nadir bitkilər, nə də ümumi bitki örtüyündən əsər-əlamət qalmayıb. Ağır tonnajlı maşınların və ləğv edilmiş nəzarətsiz neft quyularından axan sinipir suları Neftçala rayonunun ərazisinə bərpası mümkün olmayan yaralar vurub. Sinipir anbarlarından yeraltı yollarla ətrafa sızan kimyəvi sular bu əraziləri ölü səhraya çevirib. Rayon əhalisi müxtəlif dövlət qurumlarına şikayət etsələr də, heç bir nəticəsi olmayıb. Bitki örtüyünün məhv olduğuna görə bu ərazidə bir dənə canlıya rast gəlmək olmur.

Dədələrimizdən bizə əmanət qalan bu torpaqları gələcək nəsillərə biz necə veririk? Qoy hər kəs öz vicdanı qarşısında cavab versin. İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni naziri Şirvan şəhərinin və Neftçala rayonunun məhv olma təhlükəsinə məruz qalan təbiətinə biganə qalmayacaq. tezadlar.az\\
 Oxunub: 18 


Oxşar xəbərlər:
Ən çox oxunanlar