Xəbər lenti
» » Yeni baş nazir: 2018-ci il prezident seçkilərindən əvvəl, yoxsa sonra?

Yeni baş nazir: 2018-ci il prezident seçkilərindən əvvəl, yoxsa sonra?

Tarix: 10 iyun 12:59
Yeni baş nazir: 2018-ci il prezident seçkilərindən əvvəl, yoxsa sonra?

















Vahid Əhmədov: “Nazirlər Kabinetinin strukturunda dəyişikliyə ehtiyac böyükdür”; Siyavuş Novruzov: “Elələri var ki, özlərini yada salmaq istəyirlər...”

“Mən də bu barədə mətbuatdan oxuyuram. Amma bu məsələ cənab prezidentin səlahiyyətində olan məsələdir. Yekun qərarı cənab prezident verir və ümumiyyətlə, kimin təyin ediləcəyi, hansı struktur dəyişikliyinin olacağı, hökumətin tərkibi barədə bütün məsələlər yəqin ki, yaxın vaxtlarda açıqlanacaq, onda biləcəyik”.

Deputat, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye məsələləri komitəsinin üzvü Vahid Əhmədov bu fikirləri Nazirlər Kabinetində ciddi struktur islahatlarının həyata keçiriləcəyi, yeni baş nazirin təyin olunacağı, baş nazirliyə ən şanslı namizədlər barədə yayılan məlumatlar barədə “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Hökumətin hazırkı tərkibinin 2018-ci il prezident seçkilərinə qədər iş başında olacağı, yaxud seçkiyədək yenilənmənin həyata keçiriləcəyi barədə müzakirələrə münasibəti zamanı V.Əhmədov bunları bildirdi: “Mən belə başa düşürəm ki, Prezident Administrasiyasında olan islahatların davamı olmalıdır. Yəni Azərbaycan hökumətinin tərkibi də, Nazirlər Kabinetinin strukturu da müasir tələblərə cavab verməlidir. Çünki buna ehtiyac var. Azərbaycanda islahatlar gedir və bunun nəticəsi elə olmalıdır ki, ölkəmizə xeyir versin. Ona görə də kadr islahatları, struktur islahatları yəqin ki, hökumətin tərkibini də əhatə edəcək. Amma yenə deyirəm, bunlar cənab prezidentin səlahiyyəti daxilindədir. Ona görə də bu məsələlər öz həllini tapacaq”.

Deputat Azərbaycanda çevik hökumətin formalaşdırılmasını günün zərurəti hesab edir: “2016-cı ildə qəbul olunan Strateji Yol Xəritəsinin icrası daha çevik, əhatəli tədbirlər tələb edir ki, komanda çevik olsun, daha tez reaksiya versin. Dünyada gedən iqtisadi-siyasi proseslərə çevik reaksiya verilməsi baxımından da belə bir komandaya ehtiyac var. Ona görə də yəqin ki, prezident yaxın vaxtlarda bununla bağlı qərarlarını verəcək. Mən belə hesab edirəm ki, çevik hökumətin formalaşdırılması çox zəruridir”. V.Əhmədov bir məqamı da xüsusi vurğuladı: “Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalıb. Biz artıq 26-cı ildir müstəqil dövlətik. Düzdür, bu sistemdə çoxlu islahatlar aparılıb, müəyyən birləşmələr, ayırmalar gedib, amma kabinetin strukturu olduğu kimi saxlanılıb. Odur ki, bu strukturun dəyişdirilməsinə ehtiyac var. Necə ki, Prezident Administrasiyasında struktur dəyişikliyi aparıldı, müəyyən şöbələr ləğv edildi, birləşdirildi və s. Nazirlər Kabinetində də belə bir dəyişikliyə ehtiyac böyükdür”.

“2018-ci il prezident seçkilərinə hələ çox zaman var. O vaxta qədər ola bilər ki, hökumətlə bağlı yeni qərar qəbul olunsun, yaxud bununla bağlı heç bir qərar qəbul olunmasın”.

Bu fikirləri isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov qəzetimizə açıqlaması zamanı bildirdi. Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını hökumətdəki dəyişiklik gözləntiləri ilə əlaqələndirənlərə cavab olaraq S.Novruzov bildirdi ki, bu, doğru deyil: “Biz hər il ənənəvi şəkildə Milli Məclisin sessiyasını uzadırıq. Son 20 ildə müddət uzadılıb, bu da sırf iqtisadi qanunların qəbulu və digər məsələlərlə əlaqədardır. Ancaq mətbuatdan oxuyuram ki, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması Nazirlər Kabinetində dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu, sırf texniki xarakter daşıyır və Nazirlər Kabineti ilə heç bir bağlılığı yoxdur”.

YAP funksioneri hökumətdəki dəyişikliklər gözləntisi barədə bunları söylədi: “Hökumətlə bağlı ortada hələ bir şey yoxdur. Bu, cənab prezidentin səlahiyyətinə daxildir. Çox adam deyirdi ki, mart-aprel ayında vitse-prezidentlər təyin olunacaq. Onda da mən demişdim ki, kimin nə vaxt təyin olunması prezidentin səlahiyyətinə aiddir”. S.Novruzov baş nazir postuna şanslı olan şəxslərlə bağlı da maraqlı fikirlər söylədi: “Elələri var ki, özlərini yada salmaq istəyirlər, adını qəsdən yayırlar ki, ictimaiyyətdə onunla bağlı reaksiyanı öyrənsinlər, yaxud hər hansı bir kampaniya başladılsın. Biz illər boyu belə halların şahidi olmuşuq. Bu gün də cənab prezident kimi məsləhət bilirsə, azad edəcək, kimi məsləhət bilirsə, təyin edəcək. Amma reallıqda bu gün hələ belə bir məsələ yoxdur. Nə partiyada, nə hökumətdə bununla bağlı müzakirələr aparılmayıb. Sadəcə, struktur islahatları gedir, administrasiyada dəyişikliklər olub, yəqin ki, digər qurumlarda da ola bilər”.

Deputat bir məqamı da qeyd etdi: “Hökumət mütəmadi olaraq Milli Məclisdə hər ilin mart ayında hesabat verir, o hesabata baxılır və təsdiq olunur. O cümlədən hansısa nazirin, hökumət üzvünün işi, birbaşa fəaliyyəti cənab prezidentin birbaşa səlahiyyətinə daxildir. Pis işləyən halda, o, tutduğu vəzifədən azad edilir. İndiyə qədər bizdə hökumətin bütövlükdə buraxılması halı olmayıb, ancaq seçki dövründə bu proses olur, sonradan yeni təyinatlar başlayır”.

S.Novruzov baş nazirin yaşının 80-i adlamasında da problem görmür: “Yaşın nə fərqi var ki? Yaş insanın iş əmsalına təsir göstərən amil deyil. Elə gənc var ki, nə yeni ideya verə, nə işləyə bilir, nə iş fəaliyyəti var. Amma elə yaşlı nəslin nümayəndəsi var ki, kifayət qədər idarəçilik təcrübəsinə malikdir, bu gün də dövlətimiz üçün çalışır, fayda verir. Odur ki, yaşın əsas götürülməsi düzgün deyil. Hər bir insan bir gün qocalacağını düşünməlidir. Deməli, onda ona da deyəcəklər ki, sən yaşlı olduğun üçün tutduğun mövqedən kənara çəkilməlisən”. S.Novruzovun qənaətincə, çeviklik də yaşla asılı məsələ deyil: “Ümummilli liderimizin kifayət qədər yaşı var idi. Bütün ətraf dövlətlərin başçıları ondan cavan idi. Amma onun bir faizi qədər dövləti idarə edə bilmirdilər. Odur ki, məsələyə kollektiv şəkildə yox, fərdi yanaşmaq lazımdır. Məsələn, biz 65 yaşla əlaqədar qanun qəbul etdik. Amma onun effekti olmadı, sonradan məcbur olduq qanunu dəyişdik. Çünki bir insan 65 yaşında elmlər doktoru, professor olur, ancaq məhsul verən vaxt deyirik ki, tutduğun vəzifədən uzaqlaş! Onda bunun məhsuldarlığı nə dərəcədə olur? O cümlədən dövlət idarəçiliyində danışmaq yaşla bağlı deyil. Bu, insanın özünün psixologiyası və işgüzarlığı ilə bağlı məsələdir. Nə qədər cavan kadrlar, icra başçıları səriştəsizliyinə, dövlət idarəçiliyini bilmədiyinə görə tutduğu vəzifədən azad olunub? Burada söhbət sırf dövlətə, millətə xidmətdən, işgüzarlıqdan gedir”.

 Oxunub: 166 


Oxşar xəbərlər:
Ən çox oxunanlar