Xəbər lenti
» » Azərbaycanın Avropa ilə viza rejiminin ləğvinə dair danışıqlar başlayır - Rəsmi açıqlama

Azərbaycanın Avropa ilə viza rejiminin ləğvinə dair danışıqlar başlayır - Rəsmi açıqlama

Tarix: 15 aprel 11:03
Azərbaycanın Avropa ilə viza rejiminin ləğvinə dair danışıqlar başlayır - Rəsmi açıqlama












XİN rəsmisi Avropa Birliyi ölkələrinə gediş-gəlişin sərbəst olmasının müzakirə edildiyini bildirib; sabiq xarici işlər naziri: “Hər iki tərəf istəyir ki, viza rejimi qaldırılsın”

Avropa Birliyi(AB) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcəyi barədə xəbər vermişdik. Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq. Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.

“Yeni Müsavat” bu danışıqlar ərəfəsi-12 aprel sayında “Avropa Birliyi Azərbaycanla viza rejimini ləğv edir” başlıqlı yazı (http://musavat.com/news/avropa-birliyi-azerbaycana-viza-rejimini-legv-edir-sensasion-gelisme_429989.html ttp://musavat.com/news/avropa-birliyi-azerbaycana-viza-rejimini-legv-edir-sensasion-gelisme_429989.html) dərc edib. Yazıda diplomatik mənbələrə istinadən bildirilirdi ki, Azərbaycan AB ilə “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində assosiasiya sazişindən imtina eləsə də, Brüsselə qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanmasını təklif edib. Rəsmi Brüssel bu təklifə əvvəl etiraz etdi, amma ötən ilin ortalarından Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinə dair danışıqlar başlayıb. Ötən ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfərində ilk dəfə açıqlandı ki, artıq AB ilə Azərbaycan arasında strateji sənəd üzərində iş gedir. Məlumatlara görə, hər iki tərəfdən yaradılmış işçi qruplar artıq sənədlər üzərində işlərini tamamlayıblar.

Məqalədə həmçinin deyilirdi: “İddialar var ki, AB hazırda bir sıra ölkələrlə viza rejiminin ləğvi üçün tətbiq etdiyi ön şərtləri yumşaltmağı müzakirə edir. Çünki onsuz da bir sıra ölkələrdən gələn miqrant axınının qarşısını almaq mümkünsüzdür. Amma bu yumşalmalar qaynar nöqtələrə aid deyil, söhbət AB üçün daha önəmli ölkələrə tətbiq edilən ön şərtlərin yumşalmasından gedir. Bu sırada isə MDB ölkələri sırasında Azərbaycanın da olduğu deyilir”.

“Avropa Birliyi ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində AB tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir”. “Yeni Müsavat”ın xəbərini təsdiqləyən bu fikirləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi bildirib ki, AB ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir: “Sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır. Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və AB arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil”.

Image result for Hikmət Hacıyev

Göründüyü kimi, artıq bu məsələdə ciddi irəliləyiş var. Gürcüstan və Ukraynadan sonra Azərbaycan vətəndaşlarının da Şengen ərazisinə vizasız, yaxud sadələşdilrilmiş viza ilə gedəcəkləri mümkün olacaq

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması ilə bağlı xəbərlərdən danışıb. Pia.az saytına danışan sabiq xarici işlər naziri qeyd edib ki, Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi məsələsində Azərbaycanın sərgilədiyi mövqe düzgündür. Çünki bu məsələdə Azərbaycanın mövqeyində hər iki tərəfin bərabərliyi göstərilir: “Rəsmi Bakının viza rejiminin ortadan qalxması naminə Avropa Birliyinin şərtlərini qəbul edib-etməsi barədə heç nə deyə bilmərəm. Amma onu da qeyd edim ki, hər iki tərəf istəyir ki, viza rejimi qaldırılsın. Azərbaycan da uzun müddətdir ki, bu istiqamətdə Avropa Birliyi ilə danışıqlar aparırdı. Avropa Birliyi ilə vizanın ləğv edilməsində Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, Avropa Birliyi bu məsələdə bizə nə verəcəksə, biz də qarşılıq olaraq onlara verməyə hazırıq. Mən hesab edirəm ki, Azərbaycanın bu mövqeyi çox düzgün mövqedir. Çünki bu mövqedə tərəflərin bərabərliyi göstərilir”.

Sabiq nazir deyib ki, Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması məsələsində Rusiyanın mövqeyi o qədər də əhəmiyyətli deyil: “Çünki Azərbaycanın Rusiya ilə olan viza rejiminin tələbləri Avropa Birliyi ilə viza məsələsinin tələbləri ilə əlaqədar deyil. Yəni onsuz da qanunlara görə Azərbaycandan çıxmış və vizasız Azərbaycana gəlmiş bir insan Rusiya ərazisinə daxil olanda sərhəd məntəqəsindən keçir. Sərhəd məntəqəsində də o insanın sənədlərinə baxırlar. Əgər onun Rusiyaya vizası yoxdursa, onda o ölkəyə buraxıla bilməz. Buna görə də Azərbaycanla Avropa Birliyinin arasında viza rejimin ləğv edilməsi birmənalı şəkildə Rusiyaya aid olan məsələ ola bilməz və bu məsələyə Rusiyanın mövqeyi başqa cür də ola bilməz”.

T.Zülfüqarlı əlavə edib ki, Azərbaycanla Avropa Birliyinin arasında viza rejimin ləğv edilməsi məsələsi Azərbaycan-Ermənistan konfliktində nəyisə dəyişməməlidir: “Çünki Azərbaycanla Avropa Birliyi arasında olan viza məsələsində əlavə maddələr ola bilər ki, ərazi işğal olunduğuna görə xüsusi rejim tətbiq olunsun. Bu problem həll ediləsi problemdir. Əgər qərar qəbul edilsə ki, bu problemə yenidən baxılsın və yeni şərait yaradılsın, bu zaman məsələyə baxılcaq. Məsələyə baxılandan sonra da məsələ həll ediləcək. Təbii ki, bir çox məsələlər var ki, onları danışıqlar vasitəsi ilə həll etmək mümkündür”.

 Oxunub: 104 


Oxşar xəbərlər:
Ən çox oxunanlar